22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“Canlı planet”: Vəhşi heyvanların sayının azalması “geri qayıtmama nöqtəsinə” yaxınlaşır

10-10-2024
IMG

Latın Amerikası və Karib hövzəsində vəhşi heyvanlar populyasiyasının ən böyük azalması qeydə alınıb.

Fhnews.az xəbər verir ki, bu barədə Ümumdünya Vəhşi Təbiət Fondu və “Canlı planet-2024” London Zooloji Cəmiyyətinin Zoologiya İnstitutu ilə tərəfdaşlıqda hazırlanmış və “The Guardian” qəzetində dərc edilmiş hesabatda deyilir.

Hesabata görə, Latın Amerikası və Karib hövzəsində vəhşi heyvanların azalması 95 faiz təşkil edib. Daha sonra Afrika (76 faiz) və Asiya-Sakit okean regionu (60 faiz) yer alıb. Avropa və Şimali Amerikada 1970-ci ildən bəri müvafiq olaraq 35 faiz və 39 faiz nisbətində daha kiçik azalmalar qeydə alınıb.

“Canlı planet” indeksi dünya üzrə 5495 növ quş, balıq, suda-quruda yaşayan və sürünənlərin təxminən 35 000 populyasiyasını əhatə edir və vəhşi təbiət populyasiyalarının qlobal vəziyyətinin aparıcı göstəricilərindən birinə çevrilib. İlk növbədə, dünyada kənd təsərrüfatının təşkil edilməsi və qida məhsullarının istehlakı ilə bağlı yaranan yaşayış mühitinin itirilməsi və deqradasiyası bütün dünyada vəhşi təbiət populyasiyaları üçün ən böyük təhdiddir.

Alimlər xəbərdarlıq ediblər ki, Amazon tropik meşələrində, Arktikada və dəniz ekosistemlərində dönüş nöqtələrinin yaratdığı qlobal istiləşmə səbəbindən vəhşi heyvanlar populyasiyasının azalması gələcəkdə daha da sürətlənə bilər ki, bu da təbiət və insanlar üçün fəlakətli nəticələrə gətirib çıxaracaq.

İndeks oktyabrın 21-dən noyabrın 1-dək Kalidə (Kolumbiya) keçiriləcək Bioloji Müxtəliflik haqqında Konvensiyanın Tərəflər Konfransının 16-cı iclasından (COP 16) bir neçə gün əvvəl dərc edilib.

COP16 prezidenti və Kolumbiyanın ətraf mühit naziri Susana Muhamadın sözlərinə görə, qlobal miqyasda planet geri qayıtmama nöqtələrinə yaxınlaşır və insanlar planetin həyatı təmin edən sistemlərinə dönməz şəkildə təsir edir. “Biz meşələrin qırılmasının və təbii ekosistemlərin transformasiyasının, torpaqdan intensiv istifadəni və iqlim dəyişmələrinin nəticələrini görürük", - deyə nazir vurğulayıb.

Paylaş: