22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN “Heydər Əliyev İli”nə həsr olunmuş əməliyyat-taktiki təlim keçirib

19-05-2023

Fövqəladə Hallar Nazirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Nazirliyin yanğın-xilasetmə qurumlarının iştirakı ilə “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır” şüarı altında əməliyyat-taktiki təlim keçirilib.

Təlimi Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Mariatu Yap, Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiç, Qətər Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab, həmçinin FHN Akademiyasında kurs keçən bir qrup qətərli zabit izləyiblər.

Təlimin keçirilməsində əsas məqsəd xalqımızın ulu öndəri Heydər Əliyevin hər zaman xüsusi diqqətdə saxladığı vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin daim yüksək hazırlıq vəziyyətində saxlanılması, fövqəladə hallarla mübarizə üzrə qurumlararası qarşılıqlı fəaliyyət və idarəetmə imkanlarının daha da genişləndirilməsindən ibarət olub.

Təlimdən əvvəl Fövqəladə Hallar Nazirliyinin Təlim-Tədris Mərkəzinə, FHN-in yanğın-xilasetmə qurumlarının əməliyyat-taktiki təlimə cəlb olunmuş texnika və avadanlıqlarına, mobil səhra hospitalı və çadır şəhərciyinə baxış keçirilib.

Əvvəlcə, ümummilli lider Heydər Əliyevin əhalinin həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar tarixi xidmətlərinə dair videoçarx nümayiş etdirilib.

Sonra təlimin rəhbəri – FHN Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov nazir general-polkovnik Kəmaləddin Heydərova ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır” şüarı altında təşkil olunmuş əməliyyat-taktiki təlim barədə məruzə edərək bildirib ki, təlim Abşeron rayоnunun ərazisində yaradılmış şərti şərait üzrə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən qarşılıqlı fəaliyyətdə qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsini əhatə edir. Diqqətə çatdırılıb ki, ilkin şərti məlumata əsasən, saat 10.06-da Abşeron yarımadasından 35km cənub-şərqdə episentri Xəzər dənizində olmaqla 7.4 bal gücündə şərti zəlzələ baş verib və şərti zəlzələ, əsasən Abşeron yarımadası olmaqla 7.0 bala qədər hiss edilib. Saat 10.08-dən başlayaraq Fövqəlаdə Hаllаr Nаzirliyinin “112” qaynar xəttinə daxil olan məlumatlara əsasən, şərti zəlzələ nəticəsində yollar, körpülər, yaşayış binaları, digər tikili və infrastruktur obyektlərində “dağıntılar”, strateji obyektlərdə “qəzalar” baş verib. Təbii fəlakət nəticəsində dağıntılar altında qalanların, çoxlu sayda ölən və yaralananların olması ehtimal edilir.

Yaranmış şərti vəziyyətlə əlaqədar fövqəladə hallar naziri baş vermiş “fövqəladə hadisənin” nəticələrinin çevik aradan qaldırılması məqsədilə FHN-in yanğın-xilasetmə qüvvələrinin “fövqəladə” hazırlıq rejiminə keçirilməsi, aidiyyəti üzrə Əməliyyat Qərargahının yaradılması və təcili əməliyyatlara başlanılması barədə göstəriş verib.

Əməliyyat Qərargahından “Policom” onlayn videokonfrans sistemi vasitəsilə videogörüntü formatında Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi ilə əlaqə yaradılıb, Mərkəzin rəisi general-mayor Adil Abdullayev yaranmış şərti böhran vəziyyəti ilə əlaqədar həyata keçirilən tədbirlərlə bağlı məruzə edib.

Bildirilib ki, təlimə ümumilikdə 445 nəfərdən ibarət şəxsi heyət, 72 ədəd müxtəlif təyinatlı texnika, 4 helikopter, 3 təlim görmüş it cəlb edilib. O cümlədən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında qarşılıqlı fəaliyyətin təmin olunması məqsədilə Qızıl Aypara Cəmiyyəti və TƏBİB-in bir qrup əməkdaşı və texnikası təlimə cəlb olunub.

Daha sonra əməliyyat-taktiki təlimin praktiki hissəsi başlanıb. Təlim zamanı şərti təbii fəlakət nəticəsində ziyan görmüş insanların xilas edilərək onlara ilk tibbi yardımın göstərilməsi, baş vermiş qəzaların fəsadlarının aradan qaldırılması, yanğınların söndürülməsi əməliyyatları və digər təxirəsalınmaz tədbilər praktiki olaraq nümayiş etdirilib.

Uğurla reallaşdırılan təlimdə verilmiş tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Sonda ulu öndər Heydər Əliyevin portreti və Azərbaycanın Dövlət bayrağı ilə təlim ərazisi üzərindən uçan FHN-in Aviasiya dəstəsinin təlimdə iştirak edən helikopterlərinin paradı keçirilib.

Paylaş: