22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Depressiya xəstələri üçün klassik musiqinin müalicəvi rolu

23-09-2024
IMG

Tibbi yollarla  depressiyanın şiddətindən asılı olaraq terapiya və ya dərman vasitəsi ilə müalicə olunması mümkündür. Ancaq bəzi insanlar müxtəlif müalicələrə cavab vermir və elm dünyası xəstəliyin mahiyyətini daha yaxşı anlayaraq yeni üsullar tapmağa çalışır. 

Klassik musiqinin müalicəyə davamlı depressiya xəstələrinin simptomlarını yaxşılaşdıra biləcəyi yeni araşdırmalar sırasındadır. Araşdırmanın bir hissəsi olaraq, müalicəyə davamlı depressiyadan əziyyət çəkən 23 xəstə ilə təcrübə aparılıb.İştirakçılar əvvəllər aldıqları müalicəyə görə beyinlərinə elektrodlar yerləşdiriblər. Elm adamları bu insanlara klassik musiqi dinlətdirib, elektrodlar və EEG vasitəsilə beyinlərindəki dəyişiklikləri izləyiblər.

Çində aparılan araşdırmada iştirakçılara tanış olmayan Qərb klassik musiqisindən əsərlər seçilib. Bunlara Bethoven, Çaykovski, Bax, Motsart və Vivaldinin bəstələri daxildir. Alimlər müşahidə ediblər ki, iştirakçılar musiqi dinləyərkən səs və digər sensor məlumatı emal edən eşitmə qabığı ilə emosiyaları emal edən mükafat dövrəsi arasında qarşılıqlı əlaqə getdikcə daha çox sinxronlaşdırılıb. Bu sinxronizasiya sayəsində depressiya xəstələrinin simptomlarının yaxşılaşdığı qeyd edilib.

Musiqidən daha çox həzz alan iştirakçılar daha çox inkişaf göstərsələr də, elm adamları təəccüblü bir nəticə də tapıblar.Mahnının tonunun kədərli və ya şən olması depressiya əlamətlərinə heç bir təsir göstərməyib. Deməli, dinləmə prosesi zamanı musiqi seçimləri fərdidir və musiqinin emosional fonu ilə heç bir əlaqəsi yoxdur.

Tədqiqatın nəticələri ümidverici olsa da, kiçik qrupla aparılması kimi məhdudiyyətlərə malikdir. Bundan əlavə, bütün depressiya xəstələrinin beyinlərində elektrodlar olmadığı üçün bu nəticələrin müxtəlif tədqiqatlarla dəstəklənməsinə ehtiyac var.

Yeni araşdırma aparan alimlər musiqi və beyin arasındakı əlaqəni araşdırmaya davam edərək depressiya xəstələri üçün yeni müalicə üsulları hazırlamağı planlaşdırır.

Paylaş: