Alimlər məməlilərin beyninin təkamülündə yeni detalları üzə çıxarıb
Tədqiqatlar göstərir ki, 250 milyon il əvvəl Şotlandiya indiki kimi dumanlı və yağışlı ərazi deyil, qum təpələri ilə örtülmüş bir səhra olub. Burada yaşayan heyvanlardan biri də iki dişi olan Qordoniya adlı donuzabənzər məməli heyvan idi.
Fhnews.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, tədqiqatçılar Perm Dövrünə aid bu canlının fosili üzərində yüksək dəqiqlikli, üçölçülü təsvirdən istifadə edərək, onun beyin boşluğunu görə və beynin rəqəmsal surətini yarada biliblər. Bu, həmin mühüm orqanın ölçüsü və tərkibi, habelə məməlilərin təkamül mərhələsi haqqında erkən təsəvvür yaradır.
Qordoniyanın beyni müasir məməlilərin eyni orqanı ilə müqayisədə çox primitiv idi, lakin onun nisbi ölçüsü sonra gələn məməlilərin, o cümlədən insanların təkamülü prosesinə işıq salır.
Təxminən 254-252 milyon il əvvəl yaşamış Qordoniya sürünən əcdadlarının xüsusiyyətlərini hələ də saxlayan məməlilərin sələfi - protomammal adlanan bir heyvan növü idi. Bristol Universitetinin paleontologiya üzrə doktorantı Hadi Corc bildirib ki, bu heyvanın beyni məməlidən daha çox sürünənlərə bənzəyir, baxmayaraq ki, müasir canlı sürünənlərdən daha çox fərqlənir. O əlavə edib ki, bu heyvan ilk dəfə təxminən 265 milyon il əvvəl ortaya çıxan və təxminən 200 milyon il əvvəl nəsli kəsilmiş disinodont adlı bir protomammal növü idi. Bir qrup olaraq, disinodontlar 252 milyon il əvvəl - Perm dövrünün sonunda Yer tarixinin ən pis kütləvi məhvindən sağ çıxıblar.
Məhz həmin fəlakətdən sonra ilk dinozavrlar təxminən 230 milyon il əvvəl meydana çıxıb. Bundan 10 milyon il sonra isə məməlilər yaranıb və 66 milyon il əvvəl bir asteroid zərbəsinin nəhəng heyvanları məhv etməsinin ardından onlar üstünlük təşkil ediblər.
1997-ci ildə kəşf edilən Qordoniya fosili kəllə sümüyünü və alt çənəni mükəmməl şəkildə tutan boşluqdan ibarət qumdaşı blokudur. Onun beyni müasir məməlilərin beyninə çox az bənzəyir və heç bir unikal xüsusiyyətə malik deyil.
Geyinilə bilən texnologiya modanı...
Cənubi Koreyada 800 yaşlı nəhəng ağac...
Taylandda “Üzən Fənər” Festivalı...
İstanbul Boğazının əsrarəngiz sualtı...
Uşaqların dil öyrənmə mexanizmləri ilə...