22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

3,2 milyon yaşlı Lucynin əlləri ilə bağlı yeni araşdırma

17-10-2024
IMG

3,2 milyon il əvvəl yaşamış insanların qohumlarının müasir insanlara bənzər əllərə sahib olduqları və alətlərdən istifadə edə bildikləri müəyyən edilib. Müasir insanların da daxil olduğu Homo cinsinin ortaya çıxmasından yüz minlərlə il əvvəl yaşamış avstralopiteklər insanların ən yaxın qohumlarından biridir.

Bu meymunabənzər sinfə aid olan Australopithecus afarensis növü 1974-cü ildə kəşf edilən 3,2 milyon illik sümük fosili olan dünyaca məşhur Lucy ilə tanınır. Əvvəllər bu növün daş alətlər hazırlamaq və istifadə etmək bacarığının olmadığı düşünülsə də, yeni bir araşdırma bunun əksini bildirir. 

Elm adamları təxminən 4-2 milyon il əvvəl yaşamış üç Australopithecus növünün fosilləşmiş əllərini araşdırblar. Tədqiqatçılar əllərindəki əzələlərin, vətərlərin, bağların və sümüklərin üçölçülü modellərini yaradaraq bu növlərin hansı bacarıqlara malik olduğunu anlamağa çalışıblar. Daha sonra onlar nəticələri müxtəlif primatların, o cümlədən müasir insanların, neandertalların, qorillaların, şimpanzelərin və oranqutanların əlləri ilə müqayisə ediblər. 

“Journal of Human Evolution” jurnalında dərc edilən araşdırmada Lucynin ehtimal ki, müasir insanlara bənzər şəkildə bu üzvdən istifadə etdiyi qeyd edilib. 

Tapılan ən qədim daş alətlər 3,3 milyon il əvvələ, insanların yaranmasından əvvələ aiddir. Alətlərin Paranthropus adlı primat növünə aid fosillərin yanında tapılması bu canlıların alətlərdən istifadə etdiyini deməyə əsas verir.

Paylaş: