Ötən il icbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
Damar xəstəliklərinin kontrastlı rentgenoloji müayinə üsulu olan angioqrafiya xidmətinin dəyəri icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində qarşılanır. Başın, ətrafların, ürəyin və digər orqan və nahiyələrin damarlarının angioqrafiyası damar patologiyalarının diaqnostikasında bütün mövcud üsullar arasında ən etibarlı və dəqiqidir. İnvaziv müayinə üsulu olan angioqrafiyanın köməyi ilə qan damarlarında stenoz (daralma), tıxanma, anevrizmalar, anadangəlmə damar anomaliyaları, damarların travmatik zədələnməsi və qan axınına mane olan digər patoloji halları aşkar etmək mümkündür. 2024-cü ildə icbari tibbi sığorta hesabına 50 min 806 angioqrafiya müayinəsi aparılıb.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib
Bildirilib ki, əsasən yerli anesteziya ilə aparılan prosedur zamanı pasiyent demək olar, ağrı və narahatlıq hiss etmir. Müayinə olunan damara kontrast maddə yeridildikdən sonra rentgen, KT və ya MRT vasitəsilə damarlar monitorda görüntülənir.
Stenokardiya, miokard infarktı, ateroskleroz, anadangəlmə ürək-damar qüsurları kimi ürək xəstəliklərinin diaqnostikasında angioqrafiya qızıl standart hesab edilir. Angioqrafiya müayinəsi invaziv radioloq və ya invaziv kardioloq tərəfindən icra olunur. Müayinə üçün göndərişlər kardioloq və damar cərrahları, həmçinin nevroloq, neyrocərrah, onkoloqlar və digər mütəxəssislər tərəfindən verilir.
İnvaziv müayinə üsulu olmasına baxmayaraq, angioqrafiya nisbətən təhlükəsiz prosedurdur. Prosedurdan sonra ağırlaşmanın baş vermə ehtimalı çox aşağıdır və bu risk 5 faizi keçmir. Angioqrafiyada yod tərkibli kontrast maddələrdən istifadə olunur. Bu preparatlar allergik xüsusiyyətlərə malik olduğu üçün allergik reaksiyası olan insanlar müayinədən əvvəl bu barədə həkimə məlumat verməlidir.
Adətən angioqrafiya müayinəsindən 8-12 saat sonra pasiyent evə buraxılır.
Angioqrafiya zamanı invaziv müdaxilə önü müayinə və həkim konsultasiyası, anesteziya, reanimasiya və stasionarda yatış, dərman və tibbi sərf, istifadə edilən kontrast maddə icbari tibbi sığorta təminatına daxildir. Angiografiya müayinəsi tibbi göstərişlərə əsasən TƏBİB-in tabeliyindəki Mərkəzi Neftçilər Xəstəxanası, Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Səhiyyə Nazirliyi yanında Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) aparılır.
İsmayıllı rayonunda zəlzələ olub...
FHN-in Şimal-qərb Regional Mərkəzi...
Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin...
Şabranda evi yararsız hala düşən sakinə...
Sabah bəzi rayonlarda havanın arabir...