Bakının nəqliyyat infrastrukturundakı layihələrlə bağlı AİB ilə əməkdaşlıq imkanları müzakirə edilib
Aprelin 23-də Azərbaycan Respublikasının maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının üzvü Sahil Babayev bankın Direktorlar Şurasında Azərbaycanı təmsil edən icraçı direktor xanım Rachel Thompson ilə onlayn formatda görüş keçirib.
Fhnews.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycanla AİB arasında uzunmüddətli uğurlu əməkdaşlığın önəmi vurğulanıb, hazırda müzakirə mərhələsində olan 2025–2029-cu illər üzrə AİB-in Ölkə Tərəfdaşlığı Strategiyası, hökumətin prioritetlərinə əsaslanan layihələr üzrə gələcək kreditləşdirmə proqramları ilə bağlı fikir mübadiləsi aparılıb.
S.Babayev ölkənin inkişaf ehtiyaclarına uyğun olaraq hökumətin həyata keçirdiyi layihələrdə bankın göstərdiyi dəstəyin əhəmiyyətini qeyd edib, Azərbaycanın AİB-in sosial təşəbbüslərinə, yoxsulluğun azaldılması səylərinə dəstək vermək üçün fəal donor icmasının üzvü olmağa davam edəcəyini qeyd edib.
Görüş zamanı gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən “Bakı Metropoliteni”nin genişləndirilməsi, Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun, içməli su təchizatının, su itkilərinin azaldılması və yağış sularının idarə edilməsi sahələrində həyata keçiriləcək layihələrdə, eləcə də dəmir yolu infrastrukturunun modernləşdirilməsi sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
AİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri xanım Sunniya Durrani-Camal ilə keçirilən görüşdə isə nazir Sahil Babayev bankın Azərbaycandakı nümayəndəliyinin ölkəmizin ehtiyaclarını müəyyənləşdirmək və əməkdaşlığı əlaqələndirmək sahəsindəki rolunu yüksək qiymətləndirib.
Xanım Durrani-Camal AİB-in mühüm və etibarlı tərəfdaşı kimi Azərbaycanla bundan sonra da əməkdaşlığı genişləndirməyə, ölkənin inkişaf prioritetlərini dəstəkləməyə hazır olduğunu bildirib.
Bakının nəqliyyat infrastrukturundakı...
Bakıda yeni parklanma yerləri təşkil...
AZAL Qurban bayramı ilə bağlı uçuşların...
Dövlət proqramına uyğun yeni yolun...
Çin şirkətləri ilə yaşıl enerji üzrə 6...