23 aprel 2025, çərşənbə Bakı, 16°C
IMG-LOGO

Parlamentin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

23-04-2025
IMG

Aprelin 23-də Milli Məclisin Aqrar siyasət komitəsində “Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə keçirilib.

Fhnews.az xəbər verir ki, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycanın uğurlarından söz açıb, ölkə iqtisadiyyatının inkişafından, dövlətimizin aqrar sahəyə, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə göstərdiyi diqqət və qayğıdan danışıb. O bildirib ki, aqrar sahədə həyata keçirilən islahatlar, yeni qanunların qəbulu, fərman və sərəncamların imzalanması, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradılması, yeni subsidiya mexanizminin tətbiqi və aqrar sığortanın genişləndirilməsi kimi tədbirlər öz müsbət nəticələrini verməkdədir. Vətəndaşlar əldə edilən uğurlara, kənd təsərrüfatı sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə böyük maraq göstərirlər.

Komitə sədri bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarova ictimaiyyətin marağını, ərzaq təhlükəsizliyinin təmin edilməsinin vacibliyini nəzərə alaraq, belə bir dinləmənin təşkilini məqsədəuyğun hesab edib. Tahir Rzayev tədbirin keçirilməsi üçün lazımi şərait yaratdığına görə parlamentin rəhbərliyinə təşəkkürünü ifadə edib.

Çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov kənd təsərrüfatının ölkə iqtisadiyyatındakı rolunu, iqtisadiyyatın diversifikasiyasındakı, davamlı inkişafındakı əhəmiyyətini vurğulayıb.

Sonra kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova aqrar sektorun inkişafının əsas nailiyyətləri, bu istiqamətdə həyata keçirilən strategiyaları diqqətə çatdırıb, həmçinin perspektivdə duran əsas vəzifələrə qısa nəzər salıb.

Nazir müavini qeyd edib ki, kənd təsərrüfatı sahəsi üzrə istehsalda artım müşahidə olunur. Aqrar sektorun inkişaf meyillərini və göstəricilərini diqqətə çatdıran İ.Qədimova qeyd edib ki, 2025-ci ilin I rübündə bu sahədə artım ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz olub. O bildirib ki, kənd təsərrüfatı məhsullarının ixracında da artım tempinə nail olunub, yeni ixrac trendləri yaranıb, kənd təsərrüfatı və emal məhsullarının ixracı son 5 ildə 40 faizdən çox artıb.

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov çıxış edərək iqlim dəyişikliklərinin təsirləri fonunda aqrar sığorta institutunun əhəmiyyəti və ölkədə aqrar sığorta sisteminin fəaliyyətinə dair məlumatları diqqətə çatdırıb.

Bu gün dünyada baş verən təbii fəlakətlərin və digər problemlərin kənd təsərrüfatında, ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində yaratdığı çətinliklərdən söz açan Fuad Sadıqov aqrar sektorda bu kimi risklərin idarə edilməsində və davamlı fəaliyyətin təmin olunmasında sığorta mexanizmlərinin əhəmiyyətindən danışıb. O, Azərbaycanda tətbiq edilən aqrar sığorta modelinin də dünyada olan analoji sistemlərin uğurlu tətbiqinə əsaslandığını, fermerlərimizin aqrar sahədə üzləşdiyi problemlərin həllinə, onların dayanıqlı fəaliyyətlərinin təmininə, bu sahəyə marağın stimullaşdırılmasına xidmət etdiyini vurğulayıb.

Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov Azərbaycanda aqrar sahədə həyata keçirilən islahatların tarixinə nəzər salıb, ölkəmizdə kənd təsərrüfatının inkişafının və əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin qanunvericilik bazasının yaradılmasından və möhkəmləndirilməsindən danışıb, müasir dövrün kataklizmlərinə və iqlim dəyişikliklərinə qarşı tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Milli Məclisin komissiya sədri aqrar sahənin strateji məqsədləri, müasir texnologiyalara əsaslanan dayanıqlı inkişafı, istehsal və emal sahələrinin rəqabətqabiliyyətliliyinin artırılması kimi məsələlərə dair fikirlərini bölüşüb.

Dinləmədə mövzu ilə bağlı fikirlər səsləndirilib və təkliflər verilib.

Paylaş: