Sevimli musiqinin beynin opioid sistemini aktivləşdirdiyi sübut olunub - TƏDQİQAT
Yeni nevroelmi araşdırma musiqinin beyindəki opioid sistemini aktivləşdirdiyini nümayiş etdirərək musiqidən alınan həzzin neyrobioloji əsaslarını daha dərindən anlamağa töhfə verib.
Fhnews.az xəbər verir ki, Finlandiyanın Turku PET Mərkəzində aparılan tədqiqatın nəticələri “Avropa Nüvə Təbabəti və Molekulyar Görüntüləmə” jurnalında dərc olunub.
Araşdırmada iştirakçılar sevimli musiqilərini dinləyərkən onların beyinlərində opioidlərin sərbəst buraxılması pozitron emissiya tomoqrafiyası (PET) ilə ölçülüb. Paralel olaraq, funksional maqnit rezonans görüntüləmə (fMRI) metodu vasitəsilə opioid reseptorlarının sıxlığının beyin aktivliyi üzərindəki təsiri araşdırılıb.
Əldə olunan nəticələr göstərib ki, sevimli musiqi dinləmək həzlə əlaqəli beyin bölgələrində opioidlərin salınmasını stimullaşdırır. Opioidlərin sərbəst buraxılması eyni zamanda iştirakçıların emosional və fiziki reaksiya ilə əlaqələndirilib. Həmçinin məlum olub ki, iştirakçılarda opioid reseptorlarının sıxlığı nə qədər yüksəkdirsə, musiqi dinləmə zamanı beyində qeydə alınan aktivlik də bir o qədər güclü olur.
Turku Universitetinin əməkdaşı Vesa Putkinen tədqiqatla bağlı bildirib: “Bu nəticələr ilk dəfə olaraq musiqi dinləməyin beynin opioid sistemini aktivləşdirdiyini sübut edir. Bu sistemin aktivləşməsi musiqinin, qida və ya cinsi fəaliyyət kimi sağ qalmaq üçün əsas zəruri olmasa da, niyə bu qədər güclü həzz hissi oyatdığını izah edə bilər”.
Turku Universitetinin professoru Lauri Nummenmaa əlavə edib ki, beynin opioid sistemi ağrıların idarə olunmasında da mühüm rol oynayır: “Tapıntılarımız musiqinin ağrıkəsici təsirinin, onun opioid sisteminə təsiri ilə əlaqəli ola biləcəyini göstərir”.
Bu tədqiqat musiqidən alınan həzzin beyin kimyası ilə necə tənzimləndiyini ortaya qoymaqla yanaşı, musiqiyə əsaslanan terapevtik müdaxilələrin (xüsusilə ağrıların idarə edilməsi və psixi sağlamlıq pozuntularının müalicəsi sahəsində) inkişafı üçün də mühüm elmi əsaslar yaradır.
Türkiyədə 4,1 bal gücündə zəlzələ baş...
Türkiyədə bəzi uçuşlar ləğv edilib,...
Hindistanda binanın uçması nəticəsində...
“Yeni Şafak” qəzeti: Fransa arxivləri...
Omanda Enerji Tənzimləyicilərinin...