19 aprel 2025, şənbə Bakı, 17°C
IMG-LOGO

Alimlər fizika qanunlarını alt-üst edən yeni maddə kəşf ediblər

18-04-2025
IMG

Amerikalı tədqiqatçılar qızdırıldıqda büzülən, sıxıldıqda isə genişlənən qeyri-adi material aşkar ediblər. Bu xüsusiyyətləri ilə, fizika qanunlarına zidd olan yeni material elektrik avtomobilinin akkumulyatorlarını ilk günkü performansına qaytarmağa kömək edə bilər.

Çikaqo Universitetinin Molekulyar Mühəndislik Məktəbi və Kaliforniya Universitetindən olan elm adamları termodinamikanın əsas qanunlarına zidd davranış nümayiş etdirən maddələrin yeni sinfini kəşf ediblər.Bu yeni kəşf edilmiş metastabil maddələr qızdırıldıqda həcmcə kiçilir və yüksək təzyiq altında genişlənir.

Termodinamikanın qanunlarına görə, maddə qızdırıldıqda genişlənir, sıxıldıqda isə həcmi azalır. Lakin tədqiqatçılar bu qaydalara zidd davranan metastabil materiallar hazırlayıblar.Maddənin bu davranışı təkcə fundamental elm üçün deyil, həm də tətbiqi texnologiyalar üçün inqilabi xarakter daşıyır.

Xüsusilə elektrikli avtomobil akkumulyatorlarının yenilənməsi, konstruktiv akkumulyator sistemləri və istiliyə davamlı materialların istehsalı kimi sahələrdə böyük imkanlar təqdim edir.

Araşdırma qrupundan Minghao Zhangln fikrincə, bu yeni sinif materialları sıfır istilik genişlənməsini nümayiş etdirmək üçün tənzimlənə bilər. Bu, tikinti sənayesində də inqilab edə bilər.

"Hər bir binada istifadə olunan müxtəlif tikinti materiallarında istilik səbəbindən həcm dəyişikliyi ciddi problemlər yarada bilər. Lakin bu materiallar sayəsində belə problemlərin qarşısını almaq olar"-deyə alim əlavə edib.

Tədqiqatçılar bu materialların elektrokimyəvi enerjiyə reaksiyasını da öyrəniblər. Bu metastabil maddələrə elektrik gərginliyi tətbiq edildikdə, onlar ilkin sabit vəziyyətinə qayıda bilirlər. Bu o deməkdir ki, istifadə olunan EV batareyalarının tutumu yenidən artırıla bilər. Bu, təkcə texnoloji deyil, həm də elmi baxımdan paradiqma dəyişikliyi yaradır.

Tədqiqatçılar yeni materialın kimyəvi davranışını daha ətraflı öyrənməklə onu enerji saxlama sistemlərindən tutmuş kosmik texnologiyalara qədər bir çox sahədə tətbiq oluna bilən hala gətirməyi hədəfləyirlər.

Paylaş: