19 aprel 2025, şənbə Bakı, 16°C
IMG-LOGO

İstanbul Hava Limanında tarixi gün: 3 təyyarə eyni anda havaya qalxdı

17-04-2025
IMG

İstanbul Hava Limanında eyni vaxtda üç müstəqil uçuş-enmə zolağı dövrü başlayıb. Yeni sistemlə İstanbul Hava Limanına 3 təyyarə eyni anda enib-qalxa biləcək. Avropada bu əməliyyatı həyata keçirə bilən yeganə ölkə Türkiyə oldu.

Türkiyə Nəqliyyat və İnfrastruktur naziri Əbdülkadir Uraloğlu İstanbul Hava Limanında hava trafikinin idarə olunmasında tarixi bir addım atdıqlarını deyib.

Uraloğlu sistem işə salındıqdan sonra uçuş-enmə zolaqlarından səmərəli istifadə ediləcəyinə diqqət çəkib. Üçlü müstəqil uçuş-enmə zolağı əməliyyatı ilə İstanbul Hava Limanının trafik axınının sürətləndiriləcəyini və dinamik tutumunun artacağını ifadə edən Uraloğlu "ABŞ-da üçlü müstəqil uçuş-enmə zolağı əməliyyatı həyata keçirilir. İstanbul Hava Limanı Avropada üçlü uçuş-enmə zolağı əməliyyatına başlayan ilk hava limanı oldu”-deyə əlavə edib.

Beləliklə, bu gün Türk Hava Yollarına (THY) məxsus 3 sərnişin təyyarəsi eyni vaxtda havaya qalxaraq yeni əməliyyat sisteminin ilk tətbiqini uğurla tamamlayıb.

ABŞ-da istifadə edilən sistemin Avropada ilk nümunəsi olan üçlü müstəqil uçuş-enmə zolağı əməliyyatları sayəsində İstanbul Hava Limanının uçuş qabiliyyəti əhəmiyyətli dərəcədə artacaq.

Uraloğlu layihə işlərinə 2022-ci ilin son rübündə başlanıldığını, 2023 və 2024-cü illərdə Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatı, Dövlət Hava Limanları İdarəsi və Türk Hava Yolları Mülki Aviasiya Baş İdarəsi ilə əməkdaşlıq çərçivəsində görüşlər, risk analizləri, təhlükəsizlik araşdırmaları və simulyasiyalar aparıldığını bildirib. Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatı tərəfindən hazırlanan təhlükəsizlik təhlili hesabatına uyğun olaraq bütün lazımi hazırlıqların tamamlandığını vurğulayan Uraloğlu əlavə edib ki, yeni hava məkanı dizaynı edilib, idarəetmə sistemləri üçlü əməliyyatlar üçün uyğunlaşdırılıb və hava yolu şirkətləri məlumatlandırılıb. Üçqat uçuş-enmə zolağı əməliyyatlarını dəstəkləmək üçün tələb olunan texnologiya yüksək inkişaf etmiş və mürəkkəbdir. Sistemə qabaqcıl radarlar, həssas naviqasiya vasitələri və güclü hava hərəkətini idarəetmə protokolları daxildir.

Paylaş: