19 aprel 2025, şənbə Bakı, 6°C
IMG-LOGO

Milli Məclisdə Azərbaycanla Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

16-04-2025
IMG

Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev aprelin 16-da ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komitəsinin sədri Hulusi Akarla görüşüb.

Azərbaycan parlamentinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Arzu Nağıyev bildirib ki, mütəmadi həyata keçirilən komitələrarası görüşlər təqdirəlayiq haldır. O, parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi mədəni və mənəvi köklərlə bir-birinə bağlı olan xalqlarımızın və ölkələrimizin ortaq maraqlarına xidmət etdiyini deyib, dost və qardaş ölkələrimizə qarşı olan hər hansı bir təhdidin, təhlükənin qarşısını almaq üçün birgə səy göstərilməsinin əhəmiyyətini vurğulayıb.

Komitə sədri Prezident İlham Əliyevin apardığı müstəqil siyasətinin Azərbaycanın milli maraqlarının və suverenliyinin qorunmasına, regionda və dünyada sülhün və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb. O, Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini deyib, qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsində parlamentlərimizin üzərinə düşən vəzifələrdən danışıb.

Hulusi Akar deyib ki, onlar hər səfərlərində Azərbaycandan böyük məmnuniyyət və ruh yüksəkliyi ilə ayrılırlar. Ölkələrimiz və xalqlarımız arasındakı birliyin önəmini vurğulayan Hulusi Akar kənar qüvvələrdən gələn təhdidlərin qarşısını almaq, təhlükəsizliyi təmin etmək, vətəndaşların rifahını qorumaq üçün müvafiq tədbirlərin alınmasının vacibliyini qeyd edib.

İclasda digər çıxış edənlər iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi barədə fikirlərini bildiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Paylaş: