19 aprel 2025, şənbə Bakı, 6°C
IMG-LOGO

BMT: Sudanda təqribən 15 milyon uşaq humanitar yardıma möhtacdır

16-04-2025
IMG

BMT-nin Uşaq Fondu (UNICEF) bildirir ki, Sudan Silahlı Qüvvələri (SAF) ilə keçmiş müttəfiqi Çevik Dəstək Qüvvələri (RSF) arasında döyüşlərin baş verdiyi 2023-cü ilin əvvəlindən bəri azyaşlılar humanitar fəlakətlə üzləşiblər. Belə ki, təqribən 15 milyon uşaq ərzaq yardımına möhtacdır.

Fhnews.az BMT-nin məlumatına istinadla xəbər verir ki, UNICEF-in hesabatına görə, müharibə edən tərəflərin uşaqlara qarşı zorakılıq halları artır, azyaşlılar aclıq və xəstəliklə üzləşir, köçkünlər səfalət içində yaşayırlar. Bu, həm humanitar yardımların, həm də maliyyə vəsaitlərinin azalması və may ayında yağışlı mövsümün yaxınlaşması fonunda baş verir.

UNICEF-in icraçı direktoru Ketrin Rassell bildirib ki, yağış mövsümünün yaxınlaşması ilə onsuz da qidalanma və xəstəliklərdən əziyyət çəkən uşaqların vəziyyəti daha da ağırlaşıb. O, beynəlxalq ictimaiyyəti Sudan uşaqları üçün yardım toplamağa çağırıb.

Sudan hazırda dünyanın ən böyük humanitar fəlakət zonasıdır. Bu ölkədə 30 milyondan çox insanın humanitar yardıma ehtiyacı var. Silahlı münaqişə 12,4 milyon insanı evlərini tərk etməyə, həm ölkə daxilində, həm də sərhəddən kənarda təhlükəsiz yer axtarmağa məcbur edib. Uşaqların yarıdan çoxu - təxminən üçdəbiri beş yaşdan kiçikdir. UNICEF qeyd edib ki, insanların geri qayıda bildiyi ərazilərdə partlamamış hərbi sursatlar və əsas xidmətlərə məhdud çıxış onların həyatını yüksək risk altında qoyur. Ölkədə aclıq hökm sürür, peyvəndlərin sayı azalır və uşaqların təxminən 90 faizi məktəbə getmir.

Vəziyyət bir-biri ilə əlaqəli amillərin ölümcül kombinasiyası ilə daha da mürəkkəbləşir; məsələn, uşaqlara qarşı ağır pozuntuların sayının on dəfə artması, yəni, öldürmə və şikəst etmə, qaçırma, hərbi əməliyyatlara cəlbetmə, cinsi zorakılıq, məktəblərə və xəstəxanalara hücumlar və humanitar yardıma girişin olmaması ciddi narahatlıq doğurur.

Ağır vəziyyət əvvəllər Darfur, Mavi Nil və Cənubi Kordofan kimi bölgələrlə məhdudlaşsa da, indi belə hadisələr Sudanın 18 əyalətinin yarıdan çoxunda baş verir.

Paylaş: