19 aprel 2025, şənbə Bakı, 6°C
IMG-LOGO

Dünya okeanları bənövşəyi rəngə çevrilə bilər

17-04-2025
IMG

Alimlər müəyyən ediblər ki, okeanlara rəng verən komponentlər dəyişdikcə, okeanların rəngi də dəyişə bilər. Araşdırmada okeanların rənginin gələcəkdə bənövşəyi rəngə çevrilə biləcəyi bildirilib.

Səthinin təxminən dörddə üçünü okeanlar əhatə edən Yer kosmosdan baxanda “solğun mavi nöqtə” kimi görünür. Lakin yapon tədqiqatçıları erkən Yer okeanlarının əslində yaşıl rəngdə olduğunu göstərən maraqlı bir araşdırma hazırlayıblar. “Nature” jurnalında dərc olunan araşdırmada okeanların rənginin gələcəkdə bənövşəyi rəngə çevrilə biləcəyi də qeyd olunub.
Yerin keçmişində okeanların rəngini təyin edən əsas amil su kimyası və fotosintezin təkamülü olub. Təxminən 3,8-1,8 milyard il əvvəl, arxey və paleoproterozoy eralarında planetdə yalnız birhüceyrəli həyat formaları mövcud idi və atmosferdə sərbəst oksigen yox idi. Bu dövrdə quruya yağan yağış dəmiri qayalardan əridib çaylar vasitəsilə okeanlara daşıyırdı. Okeanın dibindəki vulkanlar da mühüm dəmir mənbəyi idi. Bu dəmir daha sonra fotosintezin ilk nümunələrindən biri olan anaerob (oksigensiz) fotosintez nəticəsində ayrılan oksigenlə reaksiyaya girərək suda həll olunan dəmiri oksidləşdirməyə başladı.

Bu proses nəhayət, sərbəst oksigenin atmosferdə toplanmasına imkan verdi və bu, planetin tarixində dönüş nöqtəsi olan Böyük Oksidləşmə Hadisəsinə gətirib çıxardı. Bu hadisə sayəsində Yerdəki mürəkkəb həyatın yolu açıldı.

Tədqiqat Yaponiyanın İvo Jima vulkan adası ətrafındakı yaşılımtıl sulardan ilhamlanıb. Bu yaşıl rəngin Fe(III) adlı oksidləşmiş dəmir formasından qaynaqlandığı və bu sularda mavi-yaşıl yosunların cəmləşdiyi müşahidə edilmişdir.
Tədqiqatın mühüm nəticəsi odur ki, kosmosdan baxıldığında solğun yaşıl görünən planet aşkar edilərsə, bu planetdə erkən fotosintetik həyatın mövcud olma ehtimalı yüksəkdir.Alimlərin fikrincə, okean rəngləri sabit deyil. Okeanların zamanla bənövşəyi, qırmızı və ya qəhvəyi kimi rənglərə çevrilməsi mümkündür.

Bənövşəyi okeanlar yüksək kükürd səviyyəsi və aşağı oksigen olan mühitlərdə inkişaf edən bənövşəyi kükürd bakteriyaları tərəfindən əmələ gələ bilər.Gələcəkdə Günəş yaşlandıqca artan ultrabənövşəyi şüalanma bu dəyişikliklərə kömək edə bilər.

Nəhayət, Günəş genişləndikcə bütün okeanların tamamilə buxarlanacağı proqnozlaşdırılır.

Paylaş: