16 aprel 2025, çərşənbə Bakı, 9°C
IMG-LOGO

Klasterləşmə təşəbbüsü olan sahibkarların nəzərinə!

16-04-2025
IMG

Klasterləşmə təşəbbüsü olan sahibkarlar bir sıra vergi güzəştlərindən, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən göstərilən müxtəlif dəstək və xidmətlərdən faydalana bilərlər.

KOBİA-dan bildirilib ki, qurum tərəfindən təqdim edilən “KOB klaster şirkəti şəhadətnaməsi” almış sahibkar 7 il müddətinə

- mənfəət və ya gəlir vergisindən tam azad edilir;

- torpaq və əmlak vergisindən tam azad olunur;

- müvafiq təsdiqedici sənəd əsasında layihə çərçivəsində xaricdən idxal etdiyi texnika, texnoloji avadanlıq və qurğular üzrə ƏDV-dən tam azad olunur;

- KOB klasterinin iştirakçısı olan sahibkarların KOB klaster şirkətinə təqdim etdiyi mal mənfəət və ya gəlir vergisindən tam azad olunur.

KOBİA tərəfindən isə klasterləşməyə aşağıdakı istiqamətlərdə dəstək göstərilir:

- informasiya və məsləhət xidməti;

- KOB klasterinin funksional xəritəsinin hazırlanması;

- KOB klasterin yaradılmasının maliyyə-iqtisadi əsaslandırılmasının hazırlanması;

- KOB klasterinin iştirakçısının tapılması.

Sahibkarlar klasterləşmə ilə bağlı yuxarıda qeyd edilən dəstəklər üçün KOBİA-ya elektron poçt ([email protected]) və ya rəsmi internet səhifəsi üzərindən birbaşa müraciət edə bilərlər.

Qeyd edək ki, KOB klaster - eyni və ya oxşar iqtisadi fəaliyyət sahələrində, müəyyən coğrafi bölgədə yerləşmə əsasında yaranan, işçi qüvvəsini, vahid bazarı və xidmətləri bölüşən, qarşılıqlı iqtisadi münasibətlər quraraq əlaqəli, bir-birini tamamlayan və birgə fəaliyyət göstərən KOB klaster şirkəti və KOB klaster iştirakçılarının məcmusudur. KOB klasterin yaradılmasına dövlət dəstəyi, o cümlədən güzəştlər, KOB klaster şirkəti şəhadətnaməsini almaq üçün lazım olan sənədlər barədə məlumatı KOBİA-nın saytından (https://smb.gov.az/az/nav/kob-klaster) və ya 131 Çağrı Mərkəzindən öyrənmək olar.

Paylaş: