Qətər Azərbaycanla səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Qətər Dövlətinin ölkəmizdəki səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri ilə görüşüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə T.Musayev Azərbaycanla Qətər arasında ikitərəfli əlaqələrin bir çox sahələrdə uğurla davam etdiyini diqqətə çatdırıb. Nazir dövlətlərarası münasibətlərin genişləndirilməsində yüksəksəviyyəli qarşılıqlı səfərlərin önəmini vurğulayıb, həmçinin Azərbaycanla Qətər arasında səhiyyə sahəsində ikitərəfli əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu qeyd edib. Onun sözlərinə görə, ölkələrimizin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur.
Sonda T.Musayev gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.
Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri isə dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, ölkələrimiz arasında tarixi və ənənəvi dostluq münasibətlərinin mövcudluğunu qeyd edib. Diplomat, həmçinin ölkəsinin Azərbaycanla səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.
Görüşdə tibb təhsili və bu sahədə peşəkar kadrların hazırlanması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Baş nazir Əli Əsədov Gürcüstan...
Gürcüstan Prezidenti Heydər Əliyev...
Bakı Təşəbbüs Qrupu öz saytında petisiya...
Ruben Vardanyanın məhkəməsində...
Milli Məclisin komitə iclasında...