16 aprel 2025, çərşənbə Bakı, 9°C
IMG-LOGO

Azərbaycan Beynəlxalq Əmək Təşkilatı ilə sıx və uğurlu əməkdaşlıq təcrübəsinə malikdir

14-04-2025
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Jilber Hunqbonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdən əvvəl nümayəndə heyəti 1 saylı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olub. Onlar üçün DOST Konsepsiyasına və Nazirliyin rəqəmsal xidmətlərinə dair təqdimatlar edilib.

Nümayəndə heyəti ilə görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident İlham Əliyevin tapşırıqları əsasında son illər ölkəmizdə sosial sahədə aparılan islahatlar barədə məlumat verib. Nazir islahatların uğurlarının beynəlxalq səviyyədə də yüksək qiymət alaraq ötən dövrdə 200-dən çox mükafata layiq görüldüyünü bildirib. O, sosial islahatlar prosesində BƏT-lə fəal əməkdaşlığa xüsusi önəm verildiyini, Azərbaycanın həmin Təşkilatın 59 Konvensiyasını, o cümlədən 9 fundamental, 4 prioritet Konvensiyasını ratifikasiya etdiyini, hazırda BƏT-in daha üç Konvensiyasının ratifikasiyası imkanlarının qiymətləndirilməkdə olduğunu qeyd edib. Ölkəmizlə BƏT arasında iki Layiqli Əmək üzrə Ölkə Proqramının uğurla icra olunduğunu bildirən Anar Əliyev növbəti Ölkə Proqramı layihəsinin də hazırlandığını diqqətə çatdırıb.

Ötən ilin noyabr ayında Azərbaycanın uğurla ev sahibliyi etdiyi COP29 çərçivəsində BƏT-lə birgə ədalətli keçid üzrə aparılan məhsuldar müzakirələrdən bəhs edilib. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 2023-cü ildə Bakıda fəaliyyətə başlayan Əmək Mərkəzinin İƏT-ə üzv ölkələr arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əlaqələrin inkişafına dəstəyi, keçən ilin sentyabr ayında BƏT-lə Əmək Mərkəzi arasında əməkdaşlıq sənədinin imzalanmasının əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, 2020-ci ildə Azərbaycan özü ərazilərini Ermənistanın 30 il davam edən işğalından azad edib, bununla ölkəmiz tərəfindən öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpası, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin olunub. Təəssüf ki, ölkəmizin ərazisinin 12 faizindən çoxu Ermənistan tərəfindən minalarla çirkləndirilib və Azərbaycan dünyanın minalarla ən çox çirklənmiş ilk 5 ölkəsi sırasındadır. İkinci Qarabağ müharibəsindən sonra ölkəmizdə mina qurbanlarının sayı 388-ə çatıb.

İşğaldan azad edilmiş ərazilərimizdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, Böyük Qayıdış Proqramı çərçivəsində doğma yurdlarına qayıdan sakinlər üçün icra olunan aktiv məşğulluq proqramları diqqətə çatdırılıb.

Jilber Hunqbo Azərbaycana səfəri ilə bağlı xoş təəssüratlarını, ölkəmizdəki sürətli inkişafın şahidi olduğunu qeyd edib. O, ölkəmizin BƏT-lə əməkdaşlığı daim genişləndirməsindən məmnunluğunu ifadə edib. BƏT-in Baş direktoru Azərbaycanda həyata keçirilən sosial islahatları, əmək və məşğulluq sahələrində innovativ həllərin geniş tətbiqi işlərini maraqla izlədiklərini və müasir çağırışlara uyğun olaraq həmin sahələrdə islahatların davamlı xarakter almasının əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycanla BƏT arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub, birgə iş təcrübəsinin bir sıra yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Paylaş: