Səs-küydə daha yaxşı eşitməyin sadə yolu: barmaqlarınızın ucu
Yeni araşdırmaya görə, barmaqlarınızı masaya ritmik şəkildə vurmaq səs-küylü mühitlərdə nitqi daha aydın başa düşməyə kömək edə bilər. Sınamağa dəyər…
Fransada aparılan yeni bir araşdırma, barmaqlarınızı ritmik şəkildə vurmağın səs-küydə nitqi başa düşməyi asanlaşdırdığını müəyyən edib.
Eks-Marsel Universitetindən psixolinqvist Noémie te Rietmolenin rəhbərlik etdiyi qrup, beynin motor sistemi vasitəsilə eşitmə məlumatını necə emal etdiyini anlamaq üçün bir sıra təcrübələr hazırlayıb. Tədqiqatçıların fikrincə, motor sistemi sadəcə hərəkəti idarə edən struktur deyil, o, həmçinin vaxt məlumatlarının qavranılmasında fəal rol oynayır. Fransız dilində danışanlar diqqəti yayındıran fon səs-küyü ilə 40 fərqli cümlədən ibarət yazıları dinləyiblər. Təcrübənin ən maraqlı hissəsi olan ikinci mərhələdə iştirakçılardan dinləməyə başlamazdan əvvəl müxtəlif yollarla hazırlanmaları istənib.
Bəziləri barmaqlarını masaya öz ritmində vurub, bəziləri əvvəlcədən verilmiş vokal ritmi müşayiət edib. Digərləri sadəcə olaraq ritmə qulaq asaraq səssizcə söhbətin başlamasını gözləyiblər.
Nəticə isə belə olub: Barmaqlarını ritmik şəkildə döyən və ya vokal ritminə uyğun oxuyan iştirakçılar cümlələri daha dəqiq və tez qavrayıblar. Tədqiqatçılar bu vəziyyətin birbaşa beynin motor sistemi ilə əlaqəli olduğunu vurğulayırlar. "Bu tapıntılar motor sisteminin təbii nitqdə vaxtı emal etməkdə funksional rol oynadığını göstərir"-deyə alimlər bildiriblər.
Beləliklə, növbəti dəfə izdihamlı mühitdə söhbətləri eşitməkdə çətinlik çəkdiyiniz zaman barmaqlarınızı ritmlə masaya yumşaq bir şəkildə vurmağa çalışın. Bu kiçik hərəkət beyninizin səsə fokuslanmasını asanlaşdıra bilər.
Britaniya Sudana 120 milyon funt...
1900 illik papirusda vergidən yayınma...
İngiltərədə lalə festivalı başlayıb...
Osmanlıdan günümüzə qədər uzanan...
Türkiyədə 3,5 bal gücündə zəlzələ olub...