Akademik: Süni intellekt fundamental tədqiqatları daha çevik həyata keçirməyə imkan verəcək
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”ndan irəli gələn vəzifələrin icrası müzakirə edilib.
Bu barədə AMEA-dan məlumat verilib.
Məsələ ilə bağlı çıxış edən AMEA rəhbəri akademik İsa Həbibbəyli bildirib ki, Strategiyanın məqsədi ölkəmizdə süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirməkdir. Həmçinin qeyd edib ki, ictimaiyyətin süni intellekt barədə məlumatlandırılması, o cümlədən süni intellektin potensialı və riskləri haqqında təşviqat işinin təşkili, habelə süni intellektlə bağlı etik prinsiplərin qorunması əsas prioritetlərdən biri olacaq. Bundan əlavə, strategiyada süni intellekt ekosisteminin formalaşmasını və inkişafını təmin etmək üçün akademik və elmi tədqiqatların gücləndirilməsi kimi məsələlərə xüsusi diqqət yetirilir.
Akademik İsa Həbibbəyli bu gün dünyanın süni intellekt mərhələsinə daxil olduğunu, gündəlik həyatımızın bir parçasına çevrildiyini, süni intellektin açdığı geniş imkanlarla yanaşı, risklər də gətirdiyini söyləyib. Vurğulayıb ki, Strategiyada süni intellektlə bağlı gözlənilən risklər və onların neytrallaşdırılması məqsədilə Süni İntellekt Akademiyasının yaradılması, süni intellekt istiqamətində məsul dövlət qurumlarının müəyyənləşdirilməsi kimi məsələlər əksini tapıb.
Akademik İsa Həbibbəyli qeyd edib ki, hazırda AMEA-da dövlətimizin milli maraqlarını və dünyada gedən qabaqcıl trend və tendensiyaları əsas götürməklə elmi fəaliyyət sahəsində süni intellektin tətbiqinin gücləndirilməsi, süni intellekt texnologiyalarından istifadənin etik prinsipləri barədə tədqiqatların genişləndirilməsi və bu istiqamətdə kadr potensialının hazırlanmasına diqqət artırılır. Bu istiqamətdə işlərin AMEA-nın Rəyasət Heyəti aparatının Elektron akademiya şöbəsi və institutlardakı Elektron xidmətlər şöbələri tərəfindən həyata keçirildiyini bildirən AMEA rəhbəri qısa müddətdə bir çox uğurların əldə olunduğunu diqqətə çatdırıb. Eyni zamanda, süni intellektin humanitar və ictimai elmlərdə tətbiqini təmin etmək məqsədilə AMEA-nın Fəlsəfə və Sosiologiya, Dilçilik, Folklor institutlarında daxili imkanlar hesabına süni intellektlə bağlı şöbələrin yaradıldığını, digər müəssisələrdə də mövcud profillərinə uyğun olaraq şöbələrin təşkilinin nəzərdə tutulduğunu deyib.
Bununla yanaşı, “AMEA-nın 2025-2030-cu illər üzrə İnkişaf Konsepsiyası və Yol Xəritəsi”inin əsas hədəflərindən birinin dünya elminin yeni çağırışlarına uyğun olaraq süni intellekt, rəqəmsal və ağıllı texnologiyaların humanitar və ictimai elm sahələrinə, həmçinin təbiət və texnika elmlərinə transformasiyası, ümumbəşəri dəyərlərin bərqərar edilməsi, qlobal problemlərin həlli istiqamətində tədqiqatların gücləndirilməsi olduğunu deyib.
“Bu gün süni intellekt elmi öyrənmək üçün bir alətdir. Süni intellektin imkanlarından istifadə fundamental tədqiqatları daha çevik, geniş mənbələr əsasında sürətli şəkildə həyata keçirməyə imkan verəcək. Süni intellektin elmmetrik göstəricilərimizə tətbiqi ilə elmin inkişafı göstəricisini qiymətləndirmək mümkündür. Bu işləri həyata keçirmək üçün Elektron xidmətlər şöbələrinin əməkdaşlarını, Gənc Alim və Mütəxəssislər şuralarının üzvlərini, həmçinin doktorantları da cəlb etməliyik. Əməli fəaliyyətimizlə dövlətimizin başçısının, ölkəmizin çağırışlarına cavab verməliyik”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.
İclasda AMEA-nın elmi bölmə və mərkəzlərinə, elmi müəssisə və təşkilatlarına, AMEA Rəyasət Heyəti aparatının şöbələrinə Sərəncamın icrası ilə bağlı təkliflərini hazırlayaraq təqdim etmələri tapşırılıb.
Həmçinin “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” ilə əlaqədar AMEA-nın Tədbirlər planı müzakirə edilib.
Azərbaycan dili üzrə sertifikasiya...
Agentlik: Ümumi və məktəbəqədər təhsil...
Agentlik: Ötən il 4743 monitorinq...
Övladını özəl bağçaya qoymaq istəyən...
Sürücülər, beynəlxalq sərnişin və yük...