16 aprel 2025, çərşənbə Bakı, 9°C
IMG-LOGO

Azərbaycan dili üzrə sertifikasiya imtahanının onlayn platformasının sınaq müddəti aprelin 30-dək aktiv olacaq

16-04-2025
IMG

Azərbaycan dili üzrə sertifikasiya imtahanının (ADSİ) onlayn platformasının ictimaiyyətə təqdim olunmasından ötən bir ay müddətində 689 nəfər (413 qadın və 276 kişi) qeydiyyatdan keçib və onlardan yalnız 533 nəfər imtahanda iştirak edib.

Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, qeydiyyatdan keçənlər arasında ali təhsilli şəxslər (bakalavriat – 141 nəfər, magistratura – 143 nəfər, doktorantura – 54 nəfər) üstünlük təşkil edir. İmtahan iştirakçıları arasında xarici ölkə vətəndaşları da var.

Ölkədə ilk dəfə tətbiq ediləcək yeni imtahan modelinin yoxlanılması üçün ictimaiyyət nümayəndələri mütəmadi olaraq sınaq prosesində iştirak etməyə dəvət olunub. Sınaq mərhələsinin yekunlaşması üçün yoxlamada azı 2000 nəfərin iştirak etməsi arzuolunandır.

Sınaq prosesinin əsas məqsədi onlayn platformanın işləkliyini yoxlamaq, imtahanda dinləmə, oxu, danışma, yazı bacarıqlarının qiymətləndirilməsi üçün istifadə olunan test tapşırıqlarının və mövcud mexanizmin effektivliyini dəyərləndirmək və sistemi daha da təkmilləşdirməkdir.

Xatırladaq ki, ADSİ imtahanı Azərbaycan dilini xarici dil kimi öyrənən və rəsmi olaraq bilik səviyyəsini təsdiqləmək istəyənlər, Azərbaycanda işləmək və ya təhsil almaq arzusunda olan xarici vətəndaşlar, Azərbaycan dili üzrə bilik səviyyəsini beynəlxalq standartlara uyğun qiymətləndirmək istəyən şəxslər üçün nəzərdə tutulub. Bu imtahanda iştirak edən şəxslərin nəticələri beynəlxalq standartlara uyğun (CEFR – Dillər üzrə ümum-Avropa Tövsiyə Çərçivə Sənədi) qiymətləndiriləcək. İmtahanın nəticəsinə əsasən, namizədlərə müvafiq dil səviyyəsini (A1 – C2) göstərən sertifikat təqdim edilir. Bu sertifikat Azərbaycan dili üzrə bilik səviyyəsini rəsmi şəkildə təsdiq edəcək, təhsil, iş və digər sahələrdə istifadə imkanları yaradacaq.

Onlayn platformanın sınaq müddəti aprelin 30-ədək davam edəcək. İmtahan verən şəxslərin nəticələri qeydiyyat zamanı göstərilən elektron poçt ünvanlarına göndəriləcək.

Qeydiyyat və imtahanda iştirak etmək üçün keçid: https://portal.dim.gov.az/azdili/

Paylaş: