19 aprel 2025, şənbə Bakı, 6°C
IMG-LOGO

 İİV-lə yaşayan qadınlar sağlam uşaq dünyaya gətirə bilərlər – Famil Məmmədov

16-04-2025
IMG

Spesifik əlamətləri olmayan İİV infeksiyasının dörd klinik mərhələsi var. Məhz bu mərhələlərdən asılı olaraq, İİV-ə yoluxmuş şəxslərdə müxtəlif simptomlar müşahidə oluna bilər.

Fhnews.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabındakı canlı yayım zamanı Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, ilkin mərhələdə ümumi halsızlıq, tez yorulma, limfa düyünlərinin böyüməsi, periodik olaraq hərarətin yüksəlməsi müşahidə edilir: “Daha sonra digər ağırlaşmalar - dəri və daxili orqanların göbələk mənşəli zədələnmələri, vərəmə xas əlamətlər, bədxassəli şişlər qeyd olunur. Xəstəliyin sonuncu - dördüncü mərhələsi QİÇS sindromu, yəni Qazanılmış İmmunçatışmazlığı Sindromu adlanır. Bu mərhələdə xəstələrdə onkoloji xəstəliklər, mərkəzi sinir sisteminin zədələnməsi, ağciyərdən kənar üzvlərin vərəmi ilə ağırlaşmalar olur. Bəzən xəstəlik illərlə gizli şəkildə, heç bir kliniki əlamətlər müşahidə olunmadan davam edir və təsadüfi müayinələr zamanı qanda virus aşkarlanır”.

Direktor qeyd edib ki, İİV-ə yoluxan şəxslər 2 ildən 5 ilə qədər heç bir kliniki əlamət və simptom müşahidə olunmadan yaşaya və virusu digər şəxslərə ötürə bilirlər: “Buna görə də azı ildə bir dəfə müayinədən keçməklə, gizli gedişata malik infeksiya zamanı da İİV statusu barədə məlumat əldə etmək vacibdir. Müayinələr Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində və regional laboratoriyalarda, könüllü müayinə məntəqələrində dövlət hesabına, ödənişsiz, anonim qaydada həyata keçirilir”.

Mütəxəssisin sözlərinə görə, İİV müsbət statusu olan şəxs ailə qura bilər: “İİV müsbət statusu olan şəxsin infeksiyanı öz partnyoruna yoluxdurmasının qarşısının alınması məqsədilə həmin şəxsə veriləcək vacib tövsiyələrdən biri vaxtında antiretrovirus preparatlarının qəbuludur. Çünki ARV terapiya İİV-ə yoluxmuş şəxslərdə virusun qanda müəyyən olunmayan səviyyəyədək enməsini və immunitetin bərpasını təmin etməklə yanaşı, epidemioloji cəhətdən virusun bir şəxsdən digərinə ötürülməsinin qarşısını alır. Lakin burada vacib məqamlardan biri pasiyentin ARV terapiyaya sadiqliyidir. Xəstələrin müalicə rejiminə düzgün əməl etməməsi, ARV terapiyada uzunmüddətli və periodik fasilələrin verilməsi virusun yenidən aktivləşməsinə, rezistent ştamların yaranmasına səbəb ola bilir. Belə hallarda hətta əvvəllər müalicə proqramında olmuş xəstələr virusu asanlıqla öz partnyoruna yoluxdura bilər”.

Direktor bildirib ki, İİV-ə yoluxmuş qadının sağlam uşaq dünyaya gətirməsi mümkündür: “Burada mühüm olan hamilə qadında virusun vaxtında aşkarlanıb antiretrovirus müalicəsinə başlamasıdır. İİV-ə yoluxmanın qarşısının alınmasında anadan uşağa ötürülmənin profilaktikasının böyük əhəmiyyəti var. Bu istiqamətdə ölkəmizdə uğurlu nəticələr əldə edilib. Son illər ərzində Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyasının anadan uşağa ötürülməsinin profilaktikasına cəlb olunan İİV-lə yaşayan hamilə qadınlardan virusun uşağa ötürülmə halları qeydə alınmayıb. Belə ki, vaxtında aşkarlanan və Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata götürülən ARV-terapiya proqramına qoşularaq müalicə qəbul edən bütün hamilələr daim mərkəz mütəxəssislərinin nəzarəti altında olurlar və sağlam uşaq dünyaya gətirirlər. Doğulduqdan sonra da bütün yenidoğulmuşlar mərkəzin pediatrının nəzarətinə götürülür”.

Paylaş: