19 aprel 2025, şənbə Bakı, 18°C
IMG-LOGO

"Google"  delfinlərlə danışmaq üçün süni intellekt modelini hazırlayıb

18-04-2025
IMG

Delfinlər yüksək intellektli canlılardır və bir-birlərinə yeni bacarıqlar öyrədə və bənzərsiz səsləri ilə ünsiyyət qura bilirlər. Elm adamları uzun müddətdir ki, fit və klik kimi çıxardıqları səslərlə bu heyvanların bir-birlərinə nə dediklərini anlamağa çalışırlar.

Qeyri-kommersiya təşkilatı “Wild Dolphin Project” 40 ildir ki, Baham adalarında Atlantik xallı delfinləri izləyir, audio və video yazılardan ibarət geniş arxiv hazırlayır. Bunların təhlili nəticəsində məlum olub ki, delfinlər bir-birini çağırarkən ad funksiyasını yerinə yetirən fitlərdən, həmçinin döyüşərkən çıxardıqları səslərdən istifadə edirlər. Elm adamları nəzəri cəhətdən bu məməlilərlə əlaqə qurmağın mümkün olduğunu düşünsələr də, bu günə qədər kifayət qədər texnoloji inkişaf həyata keçirilməyib. Lakin OpenAI-nin ChatGPT və “Google”un Gemini kimi böyük dil modellərinin inkişafı hər şeyi dəyişib.

Bu dil modellərinin arxasında duran mexanizmlərin delfin nitqini başa düşmək üçün istifadə edilib-edilməməsi ilə maraqlanan “Wild Dolphin Project” onlara geniş arxivini təqdim etmək üçün Google və Corciya Texnologiya İnstitutu ilə bərabər çalışaraq ortaya “DolphinGemma” adlı süni intellekt modeli qoyub. Böyük bir verilənlər toplusunda öyrədilmiş bu alətlər düzgün proqnoz verənə qədər proses davam edir. Ən yaxşı təlim proseslərindən keçən modellər insanlar kimi cümlələr yarada bilirlər. Bu yay başlaması planlaşdırılan tədqiqatlarda bu modeldən səs nümunələrini müəyyən etmək, gizli strukturları və bəlkə də delfin ünsiyyətindəki mənaları aşkar etmək üçün istifadə etməyə ümid edirlər. Nəhayət, məqsəd bu məlumatlar əsasında lüğət yaratmaqdır.

Alimlər qarşılıqlı ünsiyyət üçün CHAT adlı sistem də hazırlayıblar. Bu sualtı kompüterin məqsədi delfinlərlə ümumi lüğət yaratmaqdır.

Komanda CHAT tərəfindən yaradılan süni fitləri delfinlərin bəyəndiyi xüsusi obyektlərlə əlaqələndirməyi hədəfləyir. Alimlər ümid edirlər ki, zaman keçdikcə delfinlər bu obyektləri tələb edərkən adətən istifadə etmədikləri CHAT tərəfindən çıxarılan səslər çıxarmağa başlayacaqlar.

Paylaş: