Temperaturun artması həm fiziki, həm də psixi sağlamlığa ciddi təsir edə bilər - TƏDQİQAT
Yeni bir araşdırma göstərir ki, Avstraliyada temperaturun artması yalnız fiziki sağlamlığa deyil, həm də psixi sağlamlığa da ciddi təsir edə bilər. İqlim dəyişikliyi səbəbilə artan istilər psixi və davranış pozğunluqlarının (MBD) sayını artırır və bu vəziyyət gələcək illərdə daha da pisləşə bilər. MBD-lər – yəni psixi və maddə istifadəsi pozğunluqları – depressiya, şizofreniya, alkoqol və narkotik istifadə problemləri kimi bir çox xəstəliyi əhatə edir.
Fhnews.az “sciencealert.com” saytına istinadla xəbər verir ki, Adelaide Universitetinin aparıcı tədqiqatçısı Penq Binin sözlərinə görə, yüksək temperatur psixi sağlamlığa zərər verə bilər və əgər qlobal istiləşmə davam etsə, 2050-ci ilə qədər bu xəstəliklərin yükü 49 faizə qədər arta bilər. Əgər temperatur artımı 3°C-dən aşağı saxlanılsa belə, 2050-ci ildə bu xəstəliklərin yayılması 27,5 faiz artacaq.
Tədqiqat 2003–2018-ci illər arasında Avstraliyanın bütün ştat və ərazilərində toplanan sağlamlıq məlumatlarına əsaslanır. Məlum olub ki, yüksək temperatur günlərində xəstəxanaya yerləşdirilmə və təcili yardım müraciətləri artıb. Məsələn, 2008-ci ildə Adelaidada baş verən 15 günlük istilik dalğası uşaqlar arasında MBD ilə bağlı xəstəxanaya yerləşdirmələri 64 faiz, yaşlılar arasında isə 10 faiz artırıb. Elm adamları istilərin psixi sağlamlığa necə təsir etdiyini tam dəqiq bilməsələr də ehtimal edirlər ki, yüksək temperatur bədənin daxili sistemlərinə və yuxu keyfiyyətinə təsir göstərərək zehni vəziyyəti pisləşdirə bilər. Bu gün Avstraliyada 16-85 yaş arası insanların 44 faizi həyatlarının bir mərhələsində MBD ilə qarşılaşıb. Əgər istiləşmə tendensiyası davam edərsə 2050-ci ilə qədər istiliklə bağlı psixi sağlamlıq problemi yaşayanların nisbəti 1,8 faizdən 2,8 faizə yüksələ bilər. Əvvəllər yaşlıların daha həssas olduğu düşünülürdü, lakin son araşdırmalar göstərir ki, gənclər istilik dalğalarına qarşı daha böyük risk altındadır. Çünki onlar bəzən kifayət qədər ehtiyat tədbiri görmür və isti havada çöldə daha çox vaxt keçirirlər. Araşdırmanı aparan mütəxəssislər bildirirlər ki, psixi sağlamlığın qorunması üçün yeni yanaşmalara ehtiyac var. Xüsusilə də səhiyyə işçiləri və ictimaiyyət bu dəyişikliklərə qarşı daha hazırlıqlı olmalıdır. Çünki iqlim dəyişikliyi davam edəcək və onun psixi sağlamlığa təsiri zamanla artacaq.
ABŞ-da Robert Kennedinin öldürülməsi ilə...
15-ci Pekin Film Festivalı başlayıb...
"Google" delfinlərlə danışmaq üçün süni...
Hindistanda fil hücumlarına qarşı yeni...
Cəsədlərin yoxa çıxdığı dibsiz mağara...