Sloveniya nümayəndə heyəti Bakı DOST Mərkəzinin fəaliyyəti ilə tanış olub
Ölkəmizdə səfərdə olan Sloveniya Respublikasının İqtisadiyyat, Turizm və İdman Nazirliyinin baş katibi Mitya Blaqanyenin rəhbərlik etdiyi nümayəndə heyəti 1 saylı Bakı DOST mərkəzində olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sloveniyalı qonaqlar mərkəzdə əhaliyə göstərilən xidmətlərlə tanış olublar. DOST mərkəzlərində dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, şəffaf, operativ təqdim edildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,5 faiz təşkil etdiyi diqqətə çatdırılıb. Nümayəndə heyəti üçün DOST Konsepsiyası və əmək, məşğulluq, sosial müdafiə sahələrində yaradılmış rəqəmsal xidmətlər, proaktiv təyinat mexanizmləri barədə təqdimatlar edilib.
Sloveniya nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə də tanış olub, onlara qurumun fəaliyyəti barədə məlumat verilib. Həssas əhali qruplarına aid istedadlı şəxslərin yaradıcılıq potensialının inkişaf etdirilməsi, cəmiyyətə tanıdılması istiqamətində Mərkəzdə görülən işlər diqqətə çatdırılıb. Qonaqlar Mərkəzin təlim studiyalarında yaradıcılıq və məşq prosesini izləyib, burada hazırlanan əl işlərinə baxıblar. Mərkəzin təlimçi və benefisiarlarının ifasında konsert proqramı da təqdim edilib.
Qəbələdə aktivlərlə təmin olunmuş...
Ötən gün vətəndaşların bank kartlarından...
Fövqəladə Hallar Nazirliyi tərəfindən...
Qaya uçqununa görə Qubanın bəzi yaşayış...
“Rəqəmsal gömrük və media” mövzusunda...