21 aprel 2025, bazar ertəsi Bakı, 14°C
IMG-LOGO

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsində ilk sınaq imtahanı keçirilib

21-04-2025
IMG

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi çərçivəsində Ümumi biliklər üzrə ilk sınaq imtahanı təşkil olunub. Ümumilikdə 8862 iştirakçı imtahanda iştirak edib. İmtahan bir növbə üzrə həyata keçirilib və 90 dəqiqə davam edib.

Müsabiqənin təşkilat komitəsindən bildirilib ki, onlayn şəkildə keçirilən imtahanın məqsədi iştirakçıların sistemə uyğunlaşması və texniki baxımdan hazırlıqlı olmalarının təmin edilməsidir.

İştirakçılar üçün yaradılmış bu imkan onlara real imtahan öncəsi öz biliklərini yoxlamağa və onlayn platforma ilə tanış olmağa şərait yaradıb. Sınaq mərhələsi zamanı texniki dəstək komandası da aktiv şəkildə fəaliyyət göstərib və yarana biləcək sualların operativ cavablandırılmasını təmin edib.

Qeyd edək ki, bu mərhələdə keçid balı 60-dır. Bununla belə, Ümumi biliklər üzrə sınaq imtahanının nəticələri əsas imtahanın nəticələrinə təsir etmir.

Ümumi biliklər üzrə əsas imtahan aprelin 27-də keçiriləcək.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2024-cü il dekabrın 18-də Sərəncam imzalanıb.

Paylaş: