21 aprel 2025, bazar ertəsi Bakı, 16°C
IMG-LOGO

“Möcüzə qida – ana südü" mövzusunda konfrans keçiriləcək

21-04-2025
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Nutrisiologiya və Diyetologiya Assosiasiyası (NUDİA) birgə həyata keçirdiyi "Sözdən əmələ keç, sağlam qidalanmanı seç" layihəsi davam edir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, layihə çərçivəsində növbəti tədbir Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tərəfdaşlığı ilə mayın 6-da Yeni Klinikada keçiriləcək. "Möcüzə qida – ana südü" konfransında ana südünün insan sağlamlığında rolu, bu sahədəki elmi yanaşmalar və real həyat təcrübələri peşəkar mütəxəssislərin iştirakı ilə müzakirə olunacaq.

“Ana südünün əhəmiyyəti” və “Ana südü və anaların təcrübəsi: reallıq və çağırışlar” adlı panellər AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxovanın moderatorluğu ilə keçiriləcək. Qidalanma üzrə mütəxəssis Lalə Yaqubova, uzman pediatr Əkbər Quliyev, uzman ginekoloq Emin Haqverdiyev, psixoloq İradə İmanova "Ana südünün əhəmiyyəti" panelində, tibb elmləri doktoru Nurəngiz Hacıyeva, uzman cərrah-ginekoloq Şəlalə Məmmədova, həkim-diyetoloq Tutu Zeynalova, mütəxəssis-mama Turanə Türkoğlu isə “Ana südü və anaların təcrübəsi: reallıq və çağırışlar” panelində çıxış edəcəklər.

Konfransda iştirak etmək istəyən dinləyicilər üçün də şərait yaradılacaq. Panel müzakirələrdə iştirak etmək istəyən hamilə qadınlar mayın 4-ü saat 17:00-dək linkdən qeydiyyatdan keçə bilərlər. İştirakı təsdiqlənənlərlə əlaqə saxlanılacaq.

Tədbirdə iştirak edən hamilə qadınlar və gələcək analar dünyaya gətirəcəkləri körpənin sağlam böyüməsi üçün çox faydalı məlumatlar əldə edəcəklər.

Paylaş: