Mədəniyyət nazir Bişkekdə qırğız həmkarı ilə görüşüb
Aprelin 21-də Qırğızıstan Milli Tarix Muzeyində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambataliyev arasında görüş keçirilib.
Qeyd edək ki, Adil Kərimli Bişkekdə təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri ilə bağlı Qırğızıstana səfər edib.
Nazirlikdən verilən məlumata görə, görüşdə Mirbek Mambataliyev iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişafından məmnunluğunu bildirib. O, ötən ilin aprel ayında Bakıda Qırğız Mədəniyyəti Günlərinin yüksək səviyyədə gerçəkləşməsinə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Nazir Adil Kərimli çıxışında Azərbaycan Mədəniyyəti Günləri ilə bağlı Bişkekə gəlmiş nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə qırğız həmkarına təşəkkür edib.
Vurğulanıb ki, iki ölkə arasında mədəni əlaqələr uğurla inkişaf edir. Dövlət başçılarımızın səmimi dostluq münasibətləri, son illərdə intensiv xarakter alan qarşılıqlı rəsmi səfərlər mədəni əməkdaşlıq üçün də geniş perspektivlər açır.
Adil Kərimli ötən ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun işğaldan azad olunmuş Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak etmələrini iki ölkənin dostluq və qardaşlığının daha bir göstəricisi olduğunu deyib. Bildirib ki, inşası davam edən bu təhsil ocağı Qırğızıstan dövlətinin Azərbaycan xalqına çox qiymətli hədiyyəsidir.
Qeyd olunub ki, Azərbaycan ilə Qırğızıstan arasında mədəni əlaqələr həm Türk dünyasının əməkdaşlıq təşkilatları - TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu və Beynəlxalq Türk Akademiyası çərçivəsində, həm də ikitərəfli formatda inkişaf edir.
Nazir 2024-cü ildə ölkəmizdə Qırğız Mədəniyyəti Günlərini və bu yaxınlarda Toktobolot Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrının Bakıda “Dədə Qorqud” tamaşasını nümayiş etdirməsini əhəmiyyətli mədəniyyət hadisələri kimi səciyyələndirib.
Diqqətə çatdırılıb ki, mədəniyyət sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur. Azərbaycan tərəfi teatr, kinematoqrafiya, kitabxana və digər sahələr üzrə əlaqələrin genişləndirilməsində maraqlıdır.
Nazir Mirbek Mambataliyev öz növbəsində mədəniyyətin bütün sahələri üzrə əməkdaşlığın inkişafı üçün davamlı səy göstərəcəklərini diqqətə çatdırıb.
Sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin nazirlər Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dair 2025-2026-cı illər üçün praktiki tədbirlər planını imzalayıblar.
Sənəddə beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi, teatr, kinematoqrafiya və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı müddəalar yer alıb.
İmzalanma mərasimindən sonra qarşılıqlı hədiyyələr təqdim olunub.
Daha sonra nazir Adil Kərimli Qırğızıstan Milli Tarix Muzeyi ilə tanış olub. Yüz il öncə təsis edilən muzeyin tarixi, ekspozisiya zalları və fondu barədə ətraflı məlumat verilib.
Mədəniyyət nazir Bişkekdə qırğız həmkarı...
Səudiyyə Ərəbistanının mədəniyyət...
Heydər Əliyev Fondunun vitse-prezidenti...
Post-prodakşn müsabiqəsinin qalibləri...
Uşaq İncəsənət Festivalında birinci...