22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yunanıstandakı kral məzarlarında tapılan parça Makedoniyalı İskəndərə aiddir?

31-10-2024
IMG

Elm adamları Yunanıstandakı kral məzarlarında tapılan parçanın Makedoniyalı İskəndərə aid olduğunu bildiriblər. Yunanıstanın şimalındakı Verginada yerləşən Aigai Kral Türbələri 1977-ci ildə kəşf edildikdən sonra maraq və mübahisələrin mərkəzində olmaqda davam edir. 

Təxminən 50 il əvvəl kəşfə rəhbərlik edən arxeoloq Manolis Andronikos türbə və oradakı parça kimi tapıntıların Makedoniyalı İskəndərin atası II  Filipə  aid olduğunu deyirdi.

Lakin bu ay “Journal of Field Archeology” jurnalında dərc olunan bir araşdırma bu nəzəriyyəyə qarşı çıxıb. 

Eramızdan əvvəl 356-323-cü illərdə Makedoniya kralı olan İskəndər dünyanın çox hissəsini fəth edir. Tarixin ən yaxşı liderlərindən sayılan kralın qalıqlarının harada olduğu bilinmir. Əvvəlki araşdırmalar Aigai Kral məzarlarında olan üç məzarın Makedoniyalı İskəndərin qohumlarına aid olduğunu üzə çıxarsa da, bu insanların kimliyi ilə bağlı fikir birliyi yoxdur.

Bu qeyri-müəyyənliyi aradan qaldırmaq üçün Trakya Demokrit Universitetindən Antonis Bartsiokas illər əvvəl tapılan məzarları və bənövşəyi ağ rəngdə parçasını araşdırıb. 

Fosillər üzərində mikroanaliz mütəxəssisi olan Bartsiokas müxtəlif testlər və tarixi mətnlərdən yararlanaraq ilk məzarın  II Filippə, ikinci məzarın Böyük İsgəndərin ögəy qardaşı  III Filippə və son məzarın məşhur liderin yeniyetməlik illərində ölən oğlu IV Aleksandrosa aid olduğunu bildirib.

Alim infraqırmızı spektroskopiya və qaz xromatoqrafiyası kimi üsullardan istifadə edərək parçanın pambıqdan olduğunu, tərkibində huntit adlı mineralın olduğunu və bənövşəyi rəngin Tyrian bənövşəyi boyasından gəldiyini müəyyən edib. 

Bartsiokas iddia edir ki, bu mineral və bənövşəyi boya farslar tərəfindən istehsal olunduğu üçün parça Makedoniyalı İskəndərin bölgəni fəth etməsindən sonra hazırlanıb və tunika ona məxsus olub. 

Makedoniya elitası tərəfindən nadir boya olan Tyrian bənövşəyi rənginin qəbul edilməsi bu fikri gücləndirir.

Digər tərəfdən, bəzi ekspertlər yeni araşdırmanın müdafiəsini qeyri-kafi hesab edir. Andronikosun ölümündən sonra qazıntılara rəhbərlik edən arxeoloq Stella Drougou belə müzakirələri əsassız adlandırıb.

Drougou iddia edir ki, Bartsiokasın nəzəriyyələri qazıntılar zamanı toplanan məlumatlarla ziddiyyət təşkil edir.

Paylaş: