22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yerin daxili nüvəsi yavaşlayır

14-06-2024
IMG

Demək olar ki, Ay ölçüsündə olan daxili nüvənin temperaturu təxminən 5 min 200 dərəcədir. Alimlər sübut ediblər ki, Yerin daxili nüvəsi yavaşlayır. Əsasən dəmir və nikeldən ibarət olan planetin bərk daxili nüvəsi ətrafdakı maye xarici nüvəyə görə bütövlükdə Yerdən ayrı fırlanır. Son illərdə daxili nüvənin yavaşladığına dair tapıntılar olsa da, 2023-cü ildə edilən bir araşdırma bu möhkəm quruluşun təxminən hər 70 ildən bir istiqamətini dəyişdiyini göstərib.

Yerdən təxminən 5 min kilometr aşağıda inanılmaz dərəcədə isti olan daxili nüvəni birbaşa müşahidə etmək mümkün deyil. Buna görə də elm adamları nüvənin hərəkətlərini başa düşmək üçün zəlzələlərin seysmik dalğalarından istifadə edirlər. 

Cənubi Kaliforniya Universitetinin rəhbərlik etdiyi tədqiqat qrupu digər tədqiqatlardan fərqli olaraq təkrarlanan zəlzələləri və dalğa formalarını təhlil edib. Təkrarlanan zəlzələlər eyni yerdə baş verən və eyni seysmoqramma yaradan seysmik hadisələrə aiddir.

Tədqiqatçılar Cənubi Atlantikada Cənubi Sandviç adaları ətrafında 1991-2023-cü illər arasında qeydə alınmış 121 belə zəlzələnin ölçülərini, eləcə də müxtəlif nüvə sınaqlarından əldə edilən məlumatları araşdırıblar. Dalğalardakı dəyişikliklərə baxaraq daxili nüvənin hərəkətlərini anlayan alimlər bu quruluşun təxminən 2010-cu ildən bəri Yer səthindən bir qədər yavaş fırlandığını təyin edib.

Elm adamları bu yavaşlamanın xarici nüvədəki turbulentlik və ya mantiyadan yaranan cazibə qüvvəsindən qaynaqlandığını düşünürlər. Belə bir vəziyyətin təsiri dəqiq bilinməsə də, alimlər böyük dəyişikliklərin olmayacağı qənaətindədirlər. Günlərin uzunluğu saniyənin mində biri qədər dəyişə bilər. Bu vəziyyət daxili nüvənin Yer səthindən daha yavaş fırlanmasından qaynaqlansa da, 2023-cü ildə “Nature Geoscience”də nəşr olunan araşdırmada oxşar təsirdən bəhs edilmişdir. Bu araşdırmada məlum olub ki, daxili nüvə müəyyən fasilələrlə yavaşlayır və fasilə verir və əks istiqamətdə fırlanmağa başlayır. Bu strukturun 2009-cu ildən bəri səthdən daha yavaş və qərbə doğru fırlandığını aşkar edən araşdırma yeni tədqiqatın  nəticələri ilə üst-üstə düşür. 

Təxminən 4,5 milyard il əvvəl əmələ gələn Yerin maye və qaz hissəciklərindən ibarət quruluşu zamanla soyuyaraq planeti indiki formasına çevirib. Bu proses zamanı dəmir kimi ağır elementlər də daxili nüvəni meydana gətirmişdir. Daxili nüvənin tam olaraq nə zaman meydana gəldiyi bilinməsə də, əksər elm adamları təxminən 1 milyard il əvvələ işarə edirlər. Hələ də sirli bir quruluş olsa da, elm adamları nüvənin çox uzun müddət hərəkətsiz qalmayacağını söyləyirlər. 

Zamanla daxili nüvəni əhatə edən maye xarici nüvə bərkidikcə maqnit sahəsi yox olacaq və Yerdəki həyat sona çatacaq. Halbuki belə bir şeyin baş verməsindən ən azı milyonlarla il keçir.

Paylaş: