22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yeni tədris ilində UNEC-in Elmi şurasının ilk iclası keçirilib

10-09-2024
IMG

Elmi şuranın qərarı ilə UNEC-də iki tədqiqat mərkəzi yaradılıb

Yeni tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi şurasının ilk iclası keçirilib.

UNEC-dən verilən məlumata görə, Elmi şurada Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru dosent Söhrab İsayev 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının yekunlarına dair hesabatla çıxış edib. Bildirilib ki, universitet üzrə 15 min 474 tələbə yaz imtahan sessiyasında iştirak edib. Test üsulu ilə imtahanlarda müvəffəqiyyət göstəricisi 90 faiz, yazılı imtahanlarda 83 faiz, elektron-yazılı imtahanlarda isə 95 faiz olub.

Elmi şuranın qərarı ilə yeni tədris ilindən bütün ixtisas fənləri (646 fənn) üzrə imtahanların yazılı, qeyri-ixtisas fənləri (343 fənn) üzrə isə test üsulu ilə aparılacağı qeyd olunub. Yazılı imtahanların artıq elektronlaşdırıldığı və dəyişikliklərin I kursdan tətbiq ediləcəyi diqqətə çatdırılıb.

Sonra Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyevin 2023/2024-cü tədris ilinin yay semestrinin təşkili ilə bağlı hesabatı dinlənilib. Qeyd olunub ki, builki yay semestrində ümumilikdə 1065 tələbə iştirak edib. Yay semestri 86 qrupda 72 fənn üzrə və 4 dildə təşkil olunub.

Tədris üzrə prorektor dosent Gəray Musayev isə 2024/2025-cü tədris ilində UNEC-ə bakalavriat və magistratura səviyyələri üzrə qəbulun nəticələri barədə məlumat verib. UNEC-ə qəbulun bakalavriat üzrə 98,5 faiz, magistratura üzrə 95,4 faiz, MBA proqramı üzrə 94 faiz, “SABAH” magistraturasında 100 faiz yerinə yetirildiyini bildirib. Təkrar ali təhsilə bu il qəbul olanların sayının isə 229 nəfər olduğunu diqqətə çatdırıb.

Hesabatda UNEC-ə yüksək bal toplayaraq qəbul olanların sayının ildən-ilə artdığı da qeyd edilib. Belə ki, UNEC-ə qəbul olmuş bütün tələbələrin 78 faizinin dövlət sifarişli, 22 faizinin isə ödənişli tələbələr olduğu deyilib. 600 və daha yüksək balla UNEC-ə qəbul olanların sayının ötən illə müqayisədə 89.4 faiz artdığı, ölkə üzrə 600-dən çox bal toplayanların 14.4 faizinin məhz UNEC-i seçdiyi vurğulanıb.

Elmi şura cari məsələlərin müzakirəsi ilə davam edib. Şurada keyfiyyət təminatına dair hesabat, ailə vəziyyətinə görə akademik məzuniyyət verilməsi qaydaları, xarici dilin tədrisinin təşkili və təkmilləşdirilməsinə dair təkliflər dinlənilərək qəbul edilib. Eləcə də elmi fəaliyyətin nəticələrinin artırılması məqsədilə mövcud qaydalara dəyişikliklər olunub.

Şuranın qərarı ilə UNEC-də Marketinq, İstehlakçı Davranışı və Brendinq Tədqiqat Mərkəzi, İqlim Dəyişiklikləri və İstixana Qazlarının İdarəedilməsi Tədqiqat Mərkəzi də yaradılıb.

Paylaş: