Yaşıl transformasiya kontekstində e-dövlətin vəzifələri və problemləri araşdırılır
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti elmi seminar “Yaşıl transformasiya kontekstində e-dövlətin vəzifələri və problemləri” mövzusuna həsr olunub. İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova və institutun əməkdaşı Lalə Əliyevanın həmmüəllifi olduğu məruzəni L.Əliyeva təqdim edib.
İnstitutdan verilən məlumata görə, məruzədə müasir dövrdə hər bir dövlətin öz strategiyasını hazırlayarkən elektron dövlət xidmətlərinin ətraf mühitə yeni təsirlərini nəzərə almasının vacib amillərdən olduğu diqqətə çatdırılıb.
Məruzəçi yaşıl elektron dövlətin daha davamlı gələcək qurmaq yolunda mühüm addım olduğunu vurğulayıb. Bildirib ki, dövlətlər yaşıl e-dövlətin təcrübələrini öyrənməklə həm insanlar, həm də Yer kürəsi üçün davamlı gələcəyin təmin edilməsində mühüm rol oynaya bilərlər.
“Yaşıl e-dövlət ekoloji baxımdan dayanıqlı şəkildə xidmətlər göstərmək üçün dövlət təşkilatları tərəfindən informasiya və kommunikasiya texnologiyalarından istifadə edilməsini nəzərdə tutur”, - deyən L.Əliyeva qeyd edib ki, onun əsas məqsədi göstərilən xidmətlərin səmərəliliyini və keyfiyyətini yüksəltməklə yanaşı, dövlət qurumlarının fəaliyyətinin ətraf mühitə təsirini azaltmaqdır.
Tədqiqatçı yaşıl e-dövlətin qərar qəbulu prosesinin təkmilləşdirilməsi, ictimai iştirakın artırılması, effektivliyinin yüksəldilməsi, ekoloji davamlılıq və digər üstünlüklərindən bəhs edib və onun əsas aspektlərini diqqətə çatdırıb. Məruzəçi yaşıl elektron hökumətin yüksək başlanğıc xərcləri, standartlaşdırmanın olmaması, ixtisaslı kadrların çatışmazlığı, dəyişikliyə qarşı müqavimət, kibertəhlükəsizlik kimi əsas problemlərinin həll yollarını təqdim edib.
O, həmçinin e-dövlət xidmətlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi üsullarından söz açaraq, bu məqsədlə müvafiq metodların seçilməsinin xüsusi tədqiqat məqsədlərindən və mövcud resurslardan asılı olduğunu bildirib. Əlavə edib ki, müxtəlif üsulların birləşdirilməsi yolu ilə aparılan qiymətləndirmə mənfi nəticələrin azaldılması və elektron dövlətin ekoloji səmərəliliyinin artırılması üzrə tədbirlərin işlənib-hazırlanmasında istifadə oluna bilər.
Tədqiqatçının sözlərinə görə, müqayisə və qiymətləndirmələr aparmaq üçün e-dövlət xidmətlərinin ekoloji fəaliyyətini ölçmək məqsədilə standartların işlənib-hazırlanması, o cümlədən informasiya texnologiyaları və ekologiya sahəsində yüksəkixtisaslı kadrların yetişdirilməsi zəruridir.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...