22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yaşıl sivilizasiyanın COP29 anonsu

16-11-2024
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqindəki “ölkə göstəricilərinin qiymətləndirilməsində… Tanrının bəxş etdiyi təbii sərvətlər meyar kimi götürülməli deyil” - mesajı COP29-un ən mükəmməl aforizmidir.

Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti akademik İsa Həbibbəylinin “Yaşıl sivilizasiyanın COP29 anonsu” məqaləsində yer alıb.

Fhnews.az məqaləni təqdim edir.

Prezident İlham Əliyevin elan etdiyi “Yaşıl dünya naminə həmrəylik ili” ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası mahiyyəti və hədəfləri etibarilə bir-birini tamamlayan baxışlardan ibarətdir. “Yaşıl dünya naminə həmrəylik ili”nin ölkəmizdə yaratdığı yaşıl hərəkat COP29-un irəli sürdüyü kimi, iqlim dəyişiklərinin yarada biləcəyi fəlakətlərdən xilas olmaq üçün yaşıl enerjinin ön mövqeyə çəkilməsi nəticə olaraq ölkələri və dünyanı qorumağa, yaşatmağa və inkişaf etdirməyə xidmət edən qlobal hadisələrdir. Yaşıl dünya naminə hərəkat sahəsində həyata keçirilən tədbirlər Azərbaycanın COP29 kimi dünyanın bir nömrəli beynəlxalq tədbirinə ev sahibliyi etməsinə haqq qazandırır. Həm də müstəqil Azərbaycan Respublikasının hərtərəfli və sürətli inkişafı, beynəlxalq aləmdə əldə etdiyi nailiyyətlər COP29-u ən yüksək səviyyədə keçirməyə geniş imkan yaradıb. Heç şübhəsiz ki, COP29-un estafetini qəbul etmək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya liderləri sırasındakı yüksək nüfuzunun da real təzahürüdür. Prezident İlham Əliyevin açılış mərasimindəki parlaq çıxışı COP29 hərəkatının manifestidir. Bu dərinməzmunlu nitqdə COP29-un əsas reallıqları və perspektivləri öz əksini tapıb. Prezidentin çıxışı COP29 üzrə Azərbaycan reallıqlarının gerçək təqdimatı, dünya gedişatının obyektiv qiymətləndirilməsi, yaxın-uzaq gələcəyin praqmatik paroludur. Prezident İlham Əliyevin nitqindəki “ölkə göstəricilərinin qiymətləndirilməsində… Tanrının bəxş etdiyi təbii sərvətlər meyar kimi götürülməli deyil” - mesajı COP29-un ən mükəmməl aforizmidir. Əks halda, dünya ölkələri “Tanrının bəxş etdiyi real təbii sərvətlər”dən tam imtina edib, yaşıl keçid axtarışı ilə yeni yaşıl imkanlar əldə edənə qədər böhran təhlükəsi ilə üzləşə bilərlər. Azərbaycan Prezidentinin sərrast aforizm kimi səslənən fikirləri dünyanın tarazlığını pozmaq həddinə çatmamaq şərti ilə bütün təbii sərvətlərdən yerində və qədərində istifadə etməyin mümkünlüyünə realist baxışın ifadəsidir. Bu, “Tanrının bəxş etdiyi təbii sərvətlər”lə yaşıl texnologiyalardan əldə olunacaq gəlirlərin düzgün balansının tapılmasının zəruriliyini nəzərə çatdıran praqmatik çağırışdır.

Bu gün dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda “Tanrının bəxş etdiyi təbii sərvətlər” COP29-un hədəflərinin həyata keçirilməsi üçün dayanıqlı donor funksiyasını yerinə yetirir. Fikrimizcə, o ölkələr yaşıl keçidə daha səmərəli şəkildə nail ola biləcəklər ki, onların yaşıl texnologiyalar əldə etmək üçün real təbii sərvətlərdən gələn dayanıqlı gəlirləri var. Tanrının bəxş etdiyi təbii sərvətlər mövcud dayanıqlı inkişafla yaşıl keçid arasında yaşıl transformasiya funksiyasını yerinə yetirir. Azərbaycanın mövcud neft-qaz gəlirləri bu gün yaşıl iqtisadi zona kimi elan olunmuş Naxçıvan Muxtar Respublikasında, Qarabağda və Şərqi Zəngəzurda, həmçinin Böyük Qayıdış hərəkatında yaşıl keçid mərhələsinə uğurla keçidin hərəkətverici qüvvəsidir. Şübhəsiz, həm Tanrının bəxş etdiyi təbii sərvətlərə malik olan və həm də yaşıl enerji əsasında XXI əsrin yaşıl iqtisadiyyatını qura bilən və inkişaf etdirən ölkələr yaxın gələcəyin lider dövlətləri sırasına çıxmaq imkanı qazanacaq. Bu cəhətdən Azərbaycan dünyanın ən şanslı ölkələrindən biridir. Çünki Azərbaycan ərazisi məşhur Mendeleyev cədvəlindəki əksər yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olan ölkədir. Bununla yanaşı, Azərbaycanda həm də artıq bir neçə ildir ki, Prezident İlham Əliyevin irəli sürdüyü neftdən asılı olmayan iqtisadiyyat modelinin yaradılması üçün düşünülmüş dövlət siyasəti həyata keçirilir. Artıq Azərbaycan Respublikasının dövlət büdcəsində neftdən asılılığı aradan qaldırmağa xidmət edən aqrar sektordan, turizmdən, nəqliyyat sferasından, iaşə xidmətindən əldə edilən gəlirlər kifayət qədər əhəmiyyətli əmsala malikdir. “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-un çağırışları neftdən asılı olmayan gəlirlərin siyahısına yaşıl iqtisadiyyatdan və alternativ yaşıl enerji mənbələrindən əldə olunacaq maliyyə imkanları da əlavə olunacaq.

Hazırda Azərbaycan Respublikasında yaşıl iqtisadiyyatın qurulması istiqamətində genişmiqyaslı işlər aparılır. Bundan başqa, ölkəmizdə mövcud təbii sərvətlərin istismarının, emalının, bazara çıxarılmasının yaşıl texnologiyalar əsasında yenidən qurulması prosesləri genişlənməkdədir. Prezident İlham Əliyevin COP29-un açılış mərasimindəki nitqində ölkəmizdə yaşıl iqtisadiyyat infrastrukturunun formalaşdırılması, bərpaolunan yaşıl enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən dövlət proqramlarının və nəzərdə tutulan yeni layihələrin aydın mənzərəsi verilib. Ölkəmizdə aparılan məqsədyönlü iqtisadi siyasət dünya reallıqlarına uyğun olaraq, mövcud təbii sərvətlərdən yaşıl texnologiyalar əsasında istifadə etməklə atmosferin sağlamlaşdırılmasına töhfə verməyə, yaşıl enerji əsasında yeni dövrün yaşıl iqtisadiyyatının qurulmasına və meydanının daha da genişləndirilməsinə yaşıl işıq yandırmağa uğurla xidmət edir. Fikrimizcə, yaşıl iqtisadiyyatın Azərbaycan modeli dünya ölkələri üçün də əhəmiyyətli təcrübə ola bilər. Bu mənada Azərbaycan Respublikası Prezidentinin COP29-un açılış mərasimindəki nitqində səslənən aşağıdakı fikirləri yaşıl iqtisadiyyat anlayışına müasir dövrün realist baxışın ifadəsidir: “Ölkələr onların (Tanrının bəxş etdiyi təbii sərvətlərin – İ.H.) olmasına görə günahlandırılmalı və bazarda onlara tələbatın olması səbəbindən onları bazara çıxardıqlarına görə suçlanmalı deyillər”.

Bu, yaşıl enerjiyə keçidə münasibətdə eyforiyaya qapılmağa, yaxud bu qlobal problemə birtərəfli qaydada baxmamağa, məsələyə kompleks yanaşmağa çağırışın konseptual şərhi və aydın ifadəsidir.

“Yaşıl dünya naminə həmrəylik ili”nin və COP29-un ölkəmizə və dünyaya bəxş etdiyi daha bir yaşıl sərvət də bu istiqamətdə dialoqun miqyasının genişləndirilməsindən və məzmunca yaşıl ideyalarla və əməli addımlarla zənginləşdirilməsindən ibarətdir.

Azərbaycanın paytaxtı Bakı şəhərində COP29 miqyasında yüksək səviyyədə təşkil olunan dialoq platforması mədəniyyətlərin dialoquna, ən yeni yaşıl texnologiyaların mübadiləsinə, yaşıl transformasiyaların müzakirəsinə yaşıl işıq yandırıb.

Bakı Stadionunda yaradılmış COP29 şəhərciyi çoxvektorlu dünya dialoq mədəniyyətinin baş kəndinə çevrilib. Ölkələri əyani şəkildə təqdim edən pavilyonlarda sərgilənən iqtisadi-texniki yeniliklərlə konfrans salonlarında səslənən yaşıl elmi-praktik ideyalar bir yerdə dünyanın yaxın və uzaq yaşıl gələcəyi haqqında tam yeni təsəvvürlərin formalaşdırılmasına imkan yaradır. Əslində COP29-da aparılan müzakirələr dünyanın yeni yaşıl mənzərəsinin dərslərindən ibarətdir.

Son illərdə Azərbaycanda və dünyada yaşıl iqtisadiyyat, yaşıl enerji, yaşıl kimya, biomüxtəliflik, ekomədəniyyət, yaşıl transformasiyalar, rəqəmsal dünya, süni intellekt, elektronəqliyyat, ekolinqvistika, ağıllı kənd və sair kimi yeni anlayışlar yaşıl terminologiyanın formalaşdırılmasını şərtləndirib. Yaşıl terminologiya müasir dövrün yaşıl dünyasının, yaşıl texnologiyasının danışan dili funksiyasını həyata keçirir. Ekolinqvistika anlayışı da yaşıl terminologiyanın sinonimi kimi prosesin daha da genişləndirilməsinə yol açır. Bunlar isə öz növbəsində dünyanın yeni bir inkişaf səviyyəsinə - yaşıl sivilizasiyaya keçidin xüsusiyyətlərini özündə əks etdirir. XVIII əsrdən etibarən sonrakı inkişaf mərhələlərində dünyada buxar maşınının, elektrik enerjisinin, kosmosun fəthinin, internetin kəşfinin, ağıllı texnologiyaların meydana çıxmasının fərqli sivilizasiyaları və sənaye inqilablarını yaratdığı kimi, yaşıl enerji, süni intellekt və rəqəmsal inkişaf da bəşəriyyəti yeni bir inkişaf mərhələsinə doğru aparmaqdadır.

Beləliklə, Bakı Stadionundakı COP29 şəhərciyi yaşıl sivilizasiya problemlərini dünyanın yaşıl gündəliyinin baş mövzusuna çevirib. Hazırda ən müasir yaşıl texnologiyalar əsasında salınmış COP29 şəhərciyi dünyanın yaşıl sivilizasiya müzakirələrinin möhtəşəm xitabət kürsüsüdür.

Prezident İlham Əliyevin COP29 xitabət kürsüsündən səsləndirdiyi bəyanatlar və mesajlar dünyanın müasir gedişatının yeni yaşıl inkişaf mərhələsinin anonsudur.

COP29 sessiyası Birləşmiş Millətlər Təşkilatının yaşıl dünya hərəkatı mövzusunda keçirilən ümumdünya konfransıdır. Planetimizin 196 ölkəsini təmsil edən 72 mindən çox insanın çoxcəhətli səmərəli fəaliyyətini, təhlükəsizliyini, transferini, hətta asudə vaxtını yüksək səviyyədə vahid bir ailə kimi təşkil edən Azərbaycan COP29 adlı çoxmillətli bir qitə yaratmağın nümunəsini göstərir. Bu mənada Bakı Stadionu Yer kürəsi, COP29-un Mavi Zonası okeanları, dənizləri, çayları və səmanı, Yaşıl Zona isə landşaftı, təbiəti simvolizə edir. Mifologiyada mavi rəngin genişlik, yaşıl rəngin isə dəyişiklik mənalarını daşıdığını nəzərə alsaq, COP29 qitəsinin müasir mənzərəsinin XXI əsrin inkişaf tendensiyalarını əks etdirdiyi qənaətinə gəlmək mümkündür. Sülh, qarşılıqlı əməkdaşlıq, ədalətli yaşıl cəmiyyət, yalnız rifaha və inkişafa xidmət edən yaşıl texnologiyalar Azərbaycan ölkəsinin yaratdığı möhtəşəm platformadan COP29 qitəsinin səsləndirdiyi yaşıl sivilizasiya çağırışlarıdır…

Azərbaycanın tarixi Qarabağ Zəfərini, Böyük Qayıdış hərəkatını, ən yüksək səviyyədə təşkil olunmuş COP29 yaşıl inkişaf platformasını qəbul edə, həzm edə bilməyən xarici ölkə dairələri öz qapılarını al günəşə qapadıqlarının fərqində olmayan bədbəxtlərdir. Azərbaycanda isə Prezident İlham Əliyevin COP29-un mötəbər xitabət kürsüsündən bütün dünya qarşısında bəyan etdiyi kimi günəşli günlərin sayı ən azı 250-dən çoxdur. Paytaxt Bakının bir adı isə küləklər şəhəridir. Azərbaycan günəşli coğrafiyası, yaşıl enerjisi, yaşıl iqtisadiyyatı və ağıllı rəqəmsal inkişafı ilə yaşıl sivilizasiyanın astanasındadır.

Paylaş: