Yaradıcı müəllim təqdimat müsabiqəsinə başlanılıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Yaradıcı müəllim: yaradıcı tətbiqetmə” mövzusunda təqdimat müsabiqəsinə başlanılıb.
BŞTİ-dən verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin təbliğ edilməsi və qabaqcıl müəllimlər bazasının yaradılması, eyni zamanda, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılması, təhsil işçilərinin bu barədə rəy və mülahizələrinin öyrənilməsindən ibarətdir.
Müsabiqədə BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan müəllimlər iştirak edə bilər.
İki mərhələdən (məktəb, şəhər) ibarət müsabiqədə iştirak etmək istəyən müəllimlər oktyabrın 25-dək müraciət etdikləri mövzu ilə bağlı tezisi (2 səhifədən çox olmamaq şərtilə) “[email protected]” ünvanına göndərməlidirlər. Tezisin əvvəlində müəllimin özü haqqında məlumatları (adı, soyadı, ata adı, təvəllüdü, işlədiyi məktəb, tədris etdiyi fənn, mövzusunun adı, əlaqə nömrəsi, e-poçt ünvanı) qeyd etməsi mütləqdir.
Müsabiqənin şəhər (final) mərhələsində müəllimlər müraciət etdikləri mövzunu Münsiflər heyəti və dinləyicilərə 8 dəqiqəlik interaktiv çıxış formatında təqdim edəcəklər.
Təqdimatların qiymətləndirilməsi zamanı mövzunun aktuallığı, orijinallığı, nəzəri və praktik uyğunluğu, təqdimetmə forması, istifadə olunmuş ədəbiyyat, nitq və fikri sərbəst ifadə etmək bacarığı, vaxtın düzgün idarəolunması, mövzunun müsabiqəyə uyğunluğu, nəticə və təkliflər, mövzuya uyğun müasir texnoloji vasitələrdən istifadə əsas meyarlar kimi götürüləcək. Hər bir meyar 5 balla qiymətləndiriləcək.
Müsabiqənin nəticəsinə əsasən, 15 müəllim (3 nəfər I, 3 nəfər II, 3 nəfər III, 6 nəfər isə həvəsləndirici yer) qalib olacaq. Müsabiqədə fərqlənən müəllimlərə təşəkkürnamə veriləcək.
Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...