22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yaponiyanın gəmiçilik şirkətləri Qırmızı dəniz marşrutundan imtina edib

19-01-2024

Yaponiyanın bütün gəmiçilik şirkətləri öz yüklərini Qırmızı dəniz marşrutu ilə daşımaqdan imtina edib. Bunun səbəbi həmin regionda vəziyyətin gərgin olmasıdır.

Fhnews.az xəbər verir ki, bu barədə Yaponiyanın Dövlət Torpaqları, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin nümayəndəsi məlumat verib. O bildirib: “Marşrutlarla bağlı qərarlar gəmiçilik şirkətlərinin özləri tərəfindən qəbul olunur. Amma mənə məlumdur ki, onlar Qırmızı dənizdə naviqasiyanı dayandırıb və Avropaya yükləri çatdırmaq üçün Afrikanın ən cənub ucundakı Ümid burnunu seçiblər”.

Yaponiya rəsmisi qeyd edib ki, marşrutun bu cür dəyişdirilməsi nəticəsində vaxt itkisi gəmilərin xarakterindən asılıdır. O, eyni zamanda, bildirib ki, belə olan halda naviqasiya bir həftə müddətinə uzana bilər.

Nazirliyin rəsmisi vurğulayıb: “Yapon yüklərinə gəldikdə, ötən ilə olan vəziyyətə görə, Ədən körfəzi və Qırmızı dəniz vasitəsilə xüsusi gəmilərdə daha çox avtomobillərin daşınması həyata keçirilib. İkinci yerdə konteyner daşıyıcıları, ondan sonra isə qarışıq quru yük gəmiləri gəlir”. O əlavə edib ki, Yaponiyanın gəmiçilik şirkətləri bu marşrutun təhlükəli olması ilə bağlı xəbərdarlıq alıblar. Bu siqnallar xüsusən Amerikanın müvafiq orqanlarından daxil olub.

Ekspertlər hesab edirlər ki, “Ənsar Allah” hərəkatından olan husi üsyançılarının atəşə açması nəticəsində ümumi qlobal daşımaların həcmi 20 faiz azalacaq. İqtisadi qəzet “Nikkei” qeyd edir ki, bu, qlobal təchizat zəncirlərində fasilələrə səbəb ola bilər və nəqliyyat xərclərinin artması səbəbindən qiymətlərin ümumi artımına gətirib çıxaracaq. Onun sözlərinə görə, yanacaq, sığorta və s. xərcləri nəzərə alaraq, Qırmızı dənizdən keçən marşrutdan imtina etmək və Ümid burnu marşrutuna keçmək 40 futluq bir konteynerin çatdırılmasının maya dəyərini üç dəfədən çox - 6,6 min dollar artırır.

Dünyada bütün yükdaşımalarının təxminən 30 faizi dəniz konteynerlərində həyata keçirilir. Dəyər baxımından bu, ildə 1 trilyon dollar təşkil edir. Bütün konteyner daşımalarının təxminən 10 faizi əvvəllər Qırmızı dəniz və Süveyş kanalından keçirdi. Bu marşrut Avropa və Şərqi Asiya ölkələri arasında yüklərin daşınması üçün xüsusilə vacibdir.

Paylaş: