22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yaponiyalı gənc 231 günə yaxta ilə dünya turunu başa vurub

09-06-2024
IMG

Yaponiya hərbi dəniz qüvvələrinin keçmiş mənsubu Hirotsuqu Kimura 231 günə yaxta ilə dünya turunu başa vurub.

Fhnews.az Yaponiya mediasına istinadla xəbər verir ki, 24 yaşlı Hirotsuqu Kimura səyahətinə ötən ilin oktyabrın 22-də Hyoqo prefekturasının Nişinomiya şəhərindən başlayıb. Bu, onun yaxta ilə 2-ci dünya səyahəti cəhdi olub. 2022-ci ildəki cəhdi mexaniki nasazlıq səbəbindən yarım qalmışdı. Hirotsuqu Kimura 52 min kilometrlik səyahəti zamanı Sakit okeanının cənubundan, Çilinin cənubundakı Horn burnundan, Cənubi Afrikanın Ümid burnundan və Avstraliya sahillərindən keçərək iyunun 8-də Yaponiyanın Vakayama prefekturasına çatıb. O, özü ilə kifayət qədər ərzaq və digər lazımi ehtiyat götürdüyü üçün səyahətini heç bir limana yan almadan və kənardan təchizat yardımı almadan başa vurub.

“Çox xoşbəxtəm. Hər şeydən çox, sağ qayıtmaqdan məmnunam”, - deyə gənc dənizçi səyahət hisslərini bu cür ifadə edib.

Qeyd edək ki, Hirotsuqu Kimura həmvətəni Kociro Şiraişinin 1994-cü ildə 26 yaşında reallaşdırdığı səyahət rekordunu yaşına görə yeniləyib. Elə Hirotsuqu Kimuranı dünya turuna həvəsləndirən də həmvətəni Kociro Şiraişinin uğuru olub. Orta məktəb illərində dənizçilik klubunun üzvü olan Hirotsuqu Kimura dünya dəniz səyahətinə çıxmağı arzu edib.

Paylaş: