Yaponiyada yeni doğulan uşaqların sayında antirekord qeydə alınıb
Yaponiyada ötən il yeni doğulan uşaqların sayı müvafiq statistikanın aparıldığı 1899-cu ildən bəri ən aşağı həddə düşüb.
Fhnews.az xəbər verir ki, bu barədə Yaponiya Araşdırma İnstitutu ölkənin Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin statistik məlumatlarına əsasən belə açıqlama yayıb. Ötən il Yaponiyada 726 min doğum qeydə alınıb ki, bu, əvvəlki illə müqayisədə 40 min və ya 5,8 faiz azdır. Ölkədə hər qadına düşən doğum sayı 2022-ci ildə qeydə alınmış 1,26 əmsallıq antirekord göstəricidən daha da aşağı düşüb (1,2). Ötən il nikahların sayında da 5,8 faizlik azalma qeydə alınıb.
İnstitutun baş tədqiqatçısı Fucinami Takumi hesab edir ki, pandemiya dövründəki qeyri-sabit məşğulluq vəziyyəti gənclərə nikahı və doğumu təxirə salmağa vadar edir. Bu da öz növbəsində yeni doğulanların sayının azalmasına təsirini göstərib. Bundan başqa, karyera məsələləri xüsusilə qadınları uşaq dünyaya gətirməkdən imtinaya vadar edən səbəblər arasındadır.
Qeyd edək ki, Yaponiya hazırda əhalisi sürətlə azalan və qocalan ölkələr siyahısındadır. Ardıcıl 14 ildir ki, əhalinin sayında azalma müşahidə olunur. Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin hesabatına əsasən, bu gedişlə ölkə əhalisinin sayı 2070-ci ilədək 30 faiz azalaraq, 87 milyon nəfərə düşəcək. Həmin dövrdə ölkədə yaşı 65-dən yuxarı olanların sayı 33 milyonu ötərək əhalinin 38 faizini təşkil edəcək ki, bu da sosial təminat xərclərinin kəskin artmasına səbəb olacaq. Nazirliyin mütəxəssislərinin proqnozlarına görə, Yaponiyada qadınların doğum əmsalının 2070-ci ildə nisbətən artaraq 1,33-ə çatmaq ehtimalına baxmayaraq, bu rəqəm əhalinin sayının sabit saxlanılması üçün həlledici hesab edilən əmsaldan (2,07) aşağı olacaq. Yenidoğulanların sayı 2070-ci ildə 500 minə düşəcək.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...