22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yaponiyada qar festivalı açılıb

05-02-2024

Fevralın 4-dən 11-dək Yaponiyanın Hokkaydo şəhərinin üç vilayətində - Odori parkında, Susukino və Sudomedə 74-cü Sapporo Qar Festivalı keçirilir. Yaponiyada ən iri və populyar qış hadisəsi olan festival hər il 2 milyon ziyarətçi cəlb edir. Uşaqlar və böyüklər qardan və buzdan düzəldilmiş 196 heykələ tamaşa edəcəklər.

Fhnews.az Yaponiya mediasına istinadla xəbər verir ki, festivalda bu il əsas diqqətçəkən hündürlüyü 12-15 metr olan 5 böyük qar heykəlidir. Heykəllər 28 gün ərzində - yanvarın 7-dən fevralın 3-dək müddətdə yaradılıb.

İşlər arasında Yaponiyanın populyar cizgi filmlərinin qəhrəmanlarının dünyada tanınmış heykəlləri, eləcə də Hokkaydoda yerli ayn xalqının qəhrəmanlarının heykəlləri yer alır.

Qar festivalının bayram edilməsi ənənəsi 1950-ci ildə yaranıb. Həmin il uşaq tədbiri çərçivəsində Sapporo məktəblərindən birinin yuxarı sinif şagirdləri Odori parkında 6 heyvanın qar fiqurunu düzəldiblər. Bu, yoldan keçən və məktəblilərin işini izləyən insanlarda təəssürat yaradıb. O vaxtdan şəhər sakinləri hər il fevralın əvvəlində qar və buzdan fiqurlar düzəltməyə başlayıblar.

1955-ci ildə hərbçilər tərəfindən ilk çox iri fiqur düzəldilib. 1972-ci ildə Sapporoda XI Qış Olimpiya Oyunları keçirildikdən sonra festival dünya şöhrəti qazanıb. 1974-cü ildən bayram çərçivəsində Qar və buzdan düzəldilmiş heykəllərin beynəlxalq müsabiqəsini keçirməyə başlayıblar.

Paylaş: