22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yaponiyada dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 62-yə çatıb

03-01-2024

Yaponiyanın mərkəzi hissəsindəki İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 62-yə çatıb.

Fovqaladexeberler.az Yaponiya mediasına istinadla xəbər verir ki, hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Xeyli dağılmış tikili olduğu üçün dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimalı böyükdür.

Baş nazir Fumio Kişida jurnalistlərə açıqlamasında hökumətin dağıntı altında qalanların xilası üçün bütün qüvvəsini səfərbər etdiyini, xilasedicilərin zamanla yarışdığını deyib. O, zəlzələnin ziyan vurduğu bölgədə yaşayanların və təxliyə edilənlərin lazımi məişət ləvazimatları və ərzaqla təchizatı üçün müvafiq qurumlara göstəriş verildiyini bildirib.

Yaponiyanın Meteorologiya Agentliyi isə qarşıdakı günlərdə gözlənilən yağışın təbii fəlakət bölgəsində torpaq sürüşmələrinə səbəb ola biləcəyini açıqlayıb.

Qeyd edək ki, Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də İşikava prefekturasının Noto yarımadası yaxınlığında, Yapon dənizində bir neçə yeraltı təkanın qeydə alındığını, onlardan ən güclüsünün yerli vaxtla saat 16:10-da 7,6 bal gücündə olduğunu açıqlayıb. Zəlzələ ölkənin şimal, cənub və mərkəzindəki yaşayış məntəqələrində, o cümlədən paytaxt Tokioda da hiss olunub. Agentlik yanvarın 2-də güclü sunami xəbərdarlığını ləğv etsə də, ölkənin mərkəzi hissəsində qarşıdakı günlərdə güclü yeraltı təkanların ola biləcəyini açıqlayıb. Sakinlərə ehtiyatlı olmaq, sahil və çaylardan uzaq durmaq, müvəqqəti olaraq təhlükəsiz ərazilərə təxliyə tövsiyə edilib.

Paylaş: