22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Yəməndə daşqınlar həyatı iflic edib

23-08-2024
IMG

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, ilin əvvəlindən Yəməndə baş verən daşqınlarda 112 nəfər ölüb, 600-dən çox yəmənli yaralanıb.Bu barədə BMT Təhlükəsizlik Şurasında keçirdiyi brifinqdə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin  Maliyyələşdirmə və Tərəfdaşlıq Departamentinin direktoru Lisa Douqhten məlumat verib. O, Yəmənin bir çox yerlərində leysan yağışların səbəb olduğu daşqınlardan təxminən 695 min ailənin təsirləndiyini, bu ailələrdən bəzilərinin evlərini itirdiyini bildirib.

"Humanitar tərəfdaşlar daşqınlardan zərər çəkmiş ailələrə qida, su, gigiyena vasitələri və sığınacaq dəstəyi də daxil olmaqla təcili xilasedici yardım göstəriblər. Onlar xəstəxanalara və sağlamlıq mərkəzlərinə vacib tibbi ləvazimatları çatdırıblar, onlarla mobil tibbi qrup bölgələrə yerləşdirilib.”-deyən BMT rəsmisi maliyyə çatışmazlığı səbəbindən Yəməndə kritik ehtiyacların ödənilməsində çətinliklərin olduğunu əlavə edib.

Yəməndə sərt iqlim şəraitinin davam edəcəyini proqnozlaşdıran BMT-nin  məlumatlarına görə, Hudeydə, Həccə, Taiz, Marib və Sade şəhərlərində daşqınlar səbəbindən 38.285-dən çox ailə evlərini itirb.İyulun sonundan indiyədək BMT-nin “Sürətli reaksiya mexanizmi” daşqınlardan zərər çəkmiş 8542 ailəyə yardım edib.BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının avqustun 18-də verdiyi açıqlamada,Yəməndə baş verən sel və daşqınlardan 294 mindən çox insanın zərər çəkdiyi qeyd edilib.Hesabatda daşqınlardan ən çox Marib və Həccə şəhərlərinin zərər çəkdiyi qeyd edilib və daşqınlardan zərər çəkmiş digər bölgələrdə qiymətləndirmə hesabatlarının hələ tamamlanmadığı vurğulanıb.

BMT-nin Beynəlxalq Uşaq Fondu keçən həftə Yəməndə avqustun əvvəlindən yağan güclü yağış nəticəsində 180 min insanın zərər çəkdiyini və fövqəladə hallara cavab tədbirlərinin əhatəsini genişləndirmək üçün təcili olaraq 4,9 milyon dollara ehtiyac olduğunu açıqlayıb.Yəmən hökumətinin Qaçqın Düşərgələri İdarəsi İcra Birliyinin dərc etdiyi hesabatda Maribdə seldən zərər çəkən köçkün ailələrin sayının 12 mini keçdiyi və bu insanların son dərəcə çətin şəraitdə yaşadığı qeyd edilib.Hesabatda göstərilən humanitar yardımın ümumi ehtiyacın yalnız 12 faizini ödədiyi bildirilib.

Paylaş: