22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Xocalı soyqırımı zamanı qətlə yetirilmiş vətəndaşlara aid olduğu ehtimal edilən 8-dən çox şəxsin meyitinin basdırıldığı kütləvi məzarlıq aşkarlanıb

09-02-2024

Məlum olduğu kimi, 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Beqlaryan Raşid Aramayisi Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı əsir-girovlara işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayətlərini törətməkdə şübhəli bilinərək saxlanılmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 112-ci, 113-cü, 115.2-ci, 279.1-ci və 318.1-ci maddələri ilə ittiham elan olunmaqla təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib. Həmin şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı, özünün də daxil olduğu qanunsuz erməni silahlı birləşmələri tərəfindən əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsin 1992-ci il fevralın 26-da Əsgəran qalasına yaxın ərazidə pusquya salınaraq avtomat silahlardan atəş açılmaqla qətlə yetirildiyini və həlak olanların üzərilərindəki şəxsi əşyalar talan edildikdən sonra meyitlərin həmin ətrafda basdırıldığını bildirib, cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərib.

Fhnews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, ötən ilin noyabrında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu aidiyyəti qurumların mütəxəssis heyətinin iştirakı ilə Raşid Beqlaryanın göstərdiyi ərazidə axtarış və qazıntı işlərinə başlayıb. Hava şəraitinin əlverişsiz olması qazıntıların müvəqqəti dayandırılmasına səbəb olsa da, sonradan Əsgəran qalası ətrafında axtarış və qazıntı işləri yenidən aparılmağa başlanılıb, qazıntı prosesində Xocalı soyqırımı zamanı qətlə yetirilmiş vətəndaşlara aid olduğu ehtimal edilən 8-dən çox şəxsin meyitinin basdırıldığı kütləvi məzarlıq aşkarlanıb.

Ərazidə axtarış, qazıntı və ekshumasiya işləri davam etdirilir.

Paylaş: