22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Xırdabuynuzlu heyvanların taunu xəstəliyinə qarşı epizootoloji monitorinq keçirilir

13-03-2024

Gürcüstanın Aşağı Kartli regionunda qeydə alınan xırdabuynuzlu heyvanların taunu xəstəliyi nəzərə alınaraq, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən respublikamızın həmin ölkə ilə sərhədyanı olan Ağstafa, Qazax, Tovuz, Balakən, Qax, Zaqatala, Samux rayonlarının ərazilərində bu xəstəliyə həssas ev və vəhşi xırdabuynuzlu heyvanlar arasında epizootoloji monitorinq aparılır.

Fhnews.az xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, martın 13-dən martın 29-dək olan dövrü əhatə edəcək monitorinq zamanı həmin 7 rayona aid təsadüfi seçim üsulu ilə təyin edilmiş 65 yaşayış məntəqəsində mövcud olan 195 fərdi və ya fermer təsərrüfatında 6-12 aylıq xırdabuynuzlu heyvanlardan 845 diaqnostik nümunə götürüləcək.

Eyni zamanda ev heyvanları ilə yanaşı, rayonlardakı təbiət ərazilərində vəhşi heyvanlar arasında klinik müşahidələr aparılacaq və epizootoloji məlumatlar toplanaraq müvafiq hesabatlar tərtib ediləcək. Müayinələrin aparılması məqsədilə götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına və Göygöl Regional Sınaq Laboratoriyasına təqdim olunacaq.

Monitorinqdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin mütəxəssisləri də iştirak edəcəklər.

Paylaş: