22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Xarici ölkələrin aparıcı mütəxəssisləri Milli Onkologiya Mərkəzi ilə tanış olublar

05-07-2024
IMG

V Azərbaycan Onkologiya və Nüvə təbabəti Simpoziumu ilə əlaqədar Bakıda səfərdə olan xarici ölkələrin aparıcı mütəxəssisləri iyulun 5-də Milli Onkologiya Mərkəzini ziyarət ediblər.

Fhnews.az xəbər verir ki, əvvəlcə qonaqlar Nüvə təbabəti və radionuklid terapiya, Şüa terapiyası və digər şöbələrin maddi-texniki bazası və iş fəaliyyətləri ilə yaxından tanış olublar.

Sonra Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevlə görüş keçirilib.

Akademik Cəmil Əliyev görüşdə Milli Onkologiya Mərkəzinin təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqaz bölgəsində bədxassəli şişlərin etiopatogenezi, diaqnostikası, müalicəsi və profilaktikası problemlərini tədqiq edən, 1500 çarpayılıq klinik bazaya malik ixtisaslaşmış elmi-tədqiqat müəssisəsi olduğunu diqqətə çatdırıb: “Mərkəzdə xəstələrə göstərilən tibbi xidmətin keyfiyyətini yüksəltmək məqsədilə müalicələr bir məkanda aparılır. Yəni Mərkəzə müraciət edən xəstələr burada kimya və şüa terapiya müalicələri ala, eyni zamanda, cərrahi əməliyyat oluna bilərlər. Məlumdur ki, bədxassəli xəstəliklərin uğurlu müalicəsinin əsasını erkən diaqnostika təşkil edir, xəstəlik tez aşkarlandığı halda daha effektiv nəticə əldə etmək mümkün olur. Bu məqsədlə iki Səyyar Diaqnostika Kompleksi təşkil etmişik. Kompleksin tərkibində 1 mammoqraf, 1 rentgen, 1 ultrasəs aparatı var. Burada əsas məqsəd skrininqdir, yəni şişönü və şiş xəstəliklərinin erkən aşkar edilməsidir”.

Bildirilib ki, Azərbaycan Respublikasının müxtəlif bölgələrində, ucqar rayonlarda yaşayan vətəndaşlar təmənnasız olaraq müayinələrdən keçirilir, hər hansı patologiya aşkar olunduqda həmin xəstələr müvafiq profilli xəstəxanalara göndərilir.

Akademik onkoloji xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsi məqsədilə müxtəlif beynəlxalq təşkilatlarla, nüfuzlu tibb müəssisələri ilə sıx əlaqələrin yaradıldığını və digər ölkələrin onkoloqları ilə müştərək elmi işlərin aparıldığını da diqqətə çatdırıb.

Qonaqlar Mərkəzdə yaradılan şəraitdən məmnunluq ifadə edib, onkoloji xəstələrə göstərilən tibbi xidmətin keyfiyyətini yüksək qiymətləndirib və tibb müəssisəsinin fəaliyyətinə uğurlar arzulayıblar.

Görüş zamanı müasir dövrdə onkoloji xəstəliklərin diaqnostika və müalicəsindəki yeniliklər müzakirə olunub, xərçəng xəstəliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti qeyd edilib. Həmçinin bəzi xarici təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi baxımından da ilkin müzakirələr aparılıb.

Sonra qonaqlar Milli Onkologiya Mərkəzinin muzeyi ilə tanış olub, xatirə dəftərinə ürək sözlərini yazıblar.

Paylaş: