22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Xaçmaz rayonunda kompleks mülki müdafiə təlimi keçirilib

05-07-2024
IMG

“Azərbaycan Respublikasının 2024-cü il üçün Mülki müdafiə tədbirləri planı” çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin təşkilatçılığı ilə Xaçmaz rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

Təlimdə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi, polkovnik Fuad İlyasov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası (FHK), İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər iştirak ediblər.

Təlimin keçirilməsində məqsəd dislokasiya ərazisində mülki müdafiə planlarının reallığının yoxlanılması, mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar komissiyalarının, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin olunması, ehtimal olunan fövqəladə hadisələr zamanı mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi olub.

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri fövqəladə hadisənin baş verməsi barədə rayon rəhbərliyinin, FHK-nın və mülki müdafiə idarəetmə orqanlarının xəbərdar edilməsi, rayonun mülki müdafiə idarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin və ərazi üzrə mülki müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi, şəxsi heyətin "xəbərdarlıq toplanış" siqnalı üzrə fəaliyyəti, ərazinin kəşfiyyatının aparılması, məlumatların toplanması və təhlilinin aparılması, görüləcək qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həcminin müəyyən edilməsi və təşkili işləri yerinə yetirilib.

Təlimin gedişində rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti uğurla təşkil edilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Kompleks təlimə Fövqəladə Hallar Nazirliyinin və rayonun aidiyyəti qurumlarının hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin ümumilikdə 284 nəfərdən ibarət şəxsi heyəti və 51 ədəd texnikası cəlb edilib.

Paylaş: