Vyetnam yeni fırtınaya hazırlaşır: “Yaqi” qasırğası qurbanlarının sayı 290-dan çoxdur
Vyetnam daha güclü daşqınlara hazırlaşır, tropik depressiyanın ölkənin mərkəzi sahillərinə yaxınlaşdıqca fırtınaya çevriləcəyi proqnozlaşdırılır.
Fhnews.az xəbər verir ki, Cənubi Çin dənizi ilə həmsərhəd olan uzun sahil xəttinə malik Cənub-Şərqi Asiya ölkəsi çoxlu sayda insan tələfatına, sənaye istehsalına və əmlaka ciddi ziyan vura biləcək tropik tufanlara meyillidir.
Hökumət depressiyanın növbəti 24 saat ərzində fırtınaya çevrilməsini proqnozlaşdırıb, həmçinin sahilyanı əyalətlərə xəbərdarlıq edib. Fırtına Vyetnamın mərkəzi hissəsində güclü yağışlara səbəb olacaq və qeyd edilir ki, depressiya öz istiqaməti, sürəti və gücündə mümkün dəyişikliklərlə kompleks şəkildə inkişaf edir.
Vyetnam bu il Asiyanı vuran ən güclü təbii fəlakət olan “Yaqi” qasırğasından əziyyət çəkir.
Vyetnamın Təbii Fəlakətlərin İdarə Olunması Agentliyi çərşənbə axşamı, sentyabrın 17-də bildirib ki, qasırğa, habelə ondan sonrakı daşqınlar və torpaq sürüşmələri ümumilikdə 291 nəfərin həyatına son qoyub, 38 nəfər itkin düşüb, 2000-ə yaxın insan isə yaralanıb.
“Reuters” agentliyi xəbər verir ki, bir sıra şimal əyalətlərində sənaye istehsalı dayandırılıb, 235 min evə ziyan dəyib, 300 min hektardan çox düyü və digər əkin sahələri su altında qalıb.
Meteoroloji agentliyin məlumatına görə, mümkün yeni tufan cümə axşamının sonu və ya cümə günü mərkəzi Da Nanq şəhərinə yaxınlaşacaq.
Da Nanq və qonşu Quanq Nam əyalətinin səlahiyyətliləri dənizdəki gəmiləri yaxınlaşan qasırğa barədə xəbərdar edib və axtarış-xilasetmə planları hazırlayıblar.
TASS agentliyinin xəbərinə görə, sentyabrın ilk həftəsinin sonundan Vyetnamın şimal bölgələrini vuran “Yaqi” qasırğası ölkəyə 1,63 milyard dollardan çox ziyan vurub ki, bu da 2024-cü ildə milli ÜDM-in azalmasına səbəb ola bilər. Bunu sentyabrın 15-də “Yaqi”nin fəsadları nəticəsində yaranmış fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması məsələlərini müzakirə edən hökumət iclasında respublikanın planlaşdırma və investisiyalar naziri Nquyen Çi Dunq deyib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...