Venesuelanın ekososializm üzrə nazir müavini ADU-nun qonağı olub
Noyabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən Venesuelanın ekososializm üzrə nazir müavini Jose Ramon Pereira və Venesuelanın ölkəmizdəki səfiri Kristofer Martinez ilə görüş keçirilib.
Bu barədə ADU-dan məlumat verilib. Görüşdə ADU-nun rektoru akademik Kamal Abdulla bildirib ki, son illər Azərbaycanla Venesuela arasında iqtisadi, siyasi, elmi və mədəni əlaqələr sürətlə inkişaf etməkdədir. Bu əlaqələrin inkişafı nəticəsində hər iki xalqın bir-birini daha yaxından tanımaları üçün əlverişli şərait yaranıb: “Venesuelada fəaliyyət göstərən universitetlərlə, ictimai xadimlərlə, ədəbiyyat və mədəniyyət nümayəndələri ilə əlaqələrimizin qurulmasında bizə yaxından kömək göstərən cənab səfirə öz təşəkkürümüzü bildiririk. Bundan sonra da biz dost, qardaş Venesueladan olan alimləri universitetimizdə görməkdən məmnun olarıq. Bizim universitet nümayəndələrimiz də Venesuelada səfərdə olublar. Mənə elə gəlir ki, sizin ölkədə fəaliyyət göstərən universitetlərlə əlaqələrimizi daha da inkişaf etdirə bilərik. Bu, həm tələbələrimiz, həm də müəllimlərimiz üçün son dərəcədə faydalı olardı”.
Jose Ramon Pereira ADU-nun Venesuelada fəaliyyət göstərən universitetlərlə elmi əlaqələr qurmasının əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, iki ölkə arasında sıx iqtisadi, siyasi, elmi və mədəni əlaqələr mövcuddur. Qonaq elmi əməkdaşlıq üçün münbit şəraitin olmasına diqqət çəkib: “Ölkələr arasında dostluq və tərəfdaşlıq münasibətlərinin olması sevindirici haldır. Bu əlaqələr bütün sahələrdə özünü müsbət yöndə göstərməkdədir. Gənclərin elm, təhsil sahəsində fəaliyyətlərini dəstəkləmək çox önəmlidir. Həmçinin tələbə mübadiləsi, elmi, mədəni, ədəbi istiqamətlərdə əməkdaşlıq üçün hər cür dəstəyi göstərməyə hazırıq”.
Kamal Abdulla Venesuelada fəaliyyət göstərən universitetlərin birində Azərbaycan dilini, mədəniyyətini, ədəbiyyatını təmsil edəcək mərkəzin yaradılmasının vacibliyini qeyd edib. Bildirilib ki, hazırda bu istiqamətdə ciddi işlər aparılır və bunun nəticəsi olaraq yeddi ölkədə Azərbaycan mədəniyyət mərkəzləri uğurla fəaliyyət göstərir.
Görüşdə iki ölkənin tarixi, ictimai, siyasi həyatı ilə bağlı oxşar cəhətlərin olması diqqətə çatdırılıb. ADU-nun rektoru Azərbaycanın Zəfər tarixindən və Qarabağ həqiqətlərindən söz açıb.
Tərəflər elmi əməkdaşlıq və yeni elmi perspektivlərin axtarışları ətrafında müzakirə aparıblar.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...