22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Venesiyaya gələn turistlərdən ödənişləri toplayacaq  portal istifadəyə verilib

17-01-2024

İtaliya mətbuatında yer alan xəbərə görə, Venesiyaya bir günlük ziyarət üçün gələn turistlərin şəhərə 5 avroluq giriş haqqını əvvəlcədən ödəmələrinə və turistin gəldiyi tətil kimi vaxtlar üçün rezervasiya etmələrinə imkan verən rəqəmsal internet portalı istifadəyə verilib. 

Belə ki, bu il yaz-yay aylarında şəhərə bir günlük səfər etməyi planlaşdıran turistlər, əgər səfərləri bələdiyyə tərəfindən müəyyən edilən 29 fərqli gündən birinə düşərsə, "Contributo di Accesso a Venezia" (Venesiyaya giriş haqqı) adlı saytdan giriş haqqını ödəyərək rezervasiya edə bilərlər. 
Bu əməliyyat müqabilində gündəlik ziyarətçilərin smartfonlarına keçid sənədi olan QR kodu göndəriləcək və bu QR kodun şəhərdə təsadüfi yoxlamalar zamanı göstərilməsi lazım gələcək. Giriş haqqını ödəməyənlər yerli hakimiyyət orqanları tərəfindən aşkar edilərsə, giriş pulundan əlavə 50-300 avro arasında inzibati cərimə də ödəməli olacaqlar.

Venesiya Bələdiyyəsinin hüdudları daxilindəki obyektlərdə qalanlar, Venesiyanın yerləşdiyi Veneto bölgəsində yaşayanlar, 14 yaşından kiçik uşaqlar, qayğıya ehtiyacı olanlar, idman yarışlarında iştirak edənlər, səyahət edən orta məktəb şagirdləri, təhlükəsizlik qüvvələri, yanğınsöndürmə briqadaları isə giriş haqqından azad edilib.

Paylaş: