22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

ÜST Sudanda humanitar fəlakətlə bağlı xəbərdarlıq edib

17-07-2024
IMG

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Sudanda baş verəcək humanitar fəlakət barədə xəbərdarlıq edib.

Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, ÜST-nin Sudandakı nümayəndəsi Şible Sahbani BMT-nin Cenevrədəki brifinqində deyib: “Sudana dərhal yardım etmək çox vacibdir. Bu ölkədə fəlakət həddinə çatan infeksion xəstəliklərin qarşısı alınmalıdır”. O əlavə edib ki, təcili tədbir görülməzsə, Sudanda sürətlə pisləşən vəziyyət nəticəsində yoluxucu xəstəliklər, qidalanma və travmalar dəhşətli hal alacaq.

Ötən həftə həm Şərqi Aralıq dənizi, həm də Afrika regionlarından ÜST-nin yüksək səviyyəli missiyasının bir hissəsi Çada da səfər edib. Sahbani bildirib ki, Afrikanın bu ölkəsi də Sudanda olduğu kimi humanitar fəlakət astanasındadır. O əlavə edib: “Qadınlar və uşaqlar aclıqdan, xəstəlikdən, zorakılıqdan əziyyət çəkir, onların əzabları üzlərində əks olunub”.

ÜST-nin Sudandakı nümayəndəsi bildirib ki, hazırda Sudanda 13 milyona yaxın insan evlərindən didərgin düşüb, onların 10 milyondan çoxu Sudan daxilində səpələnib, 2 milyondan artıq insan isə qonşu ölkələrdə sığınacaq axtarır. O, əlavə edib ki, Darfur, Kordofan, Xartum və Əl-Qəzirə əyalətlərində amansız döyüşlər səbəbindən humanitar və səhiyyə yardımları kəsilib. Darfurda 800 mindən çox insan mühasirəyə alınıb, onların qida, səhiyyə və tibbi ləvazimatlara çıxışı yoxdur, uşaqlar, hamilə və süd verən qadınlar kəskin aclıqdan əziyyət çəkirlər.

Sahbani qeyd edib ki, donorlar tərəfindən Sudan üçün Humanitar Müdaxilə Planının yalnız 26 faizi, səhiyyə yardımı proqramının isə 36 faizi maliyyələşdirilib.

Paylaş: