22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

ÜST: Dünyada danq xəstəliyinin daha geniş yayılması riski yüksəkdir

23-12-2023

İlin əvvəlindən bəri danq xəstəliyinə yoluxma hallarının sayı 5 milyonu keçib, 5 mindən çox insan həlak olub. Dünyada 2020-2022-ci illərdə yaşanan cüzi azalmadan sonra, bu xəstəliyin yayılması demək olar ki, gözlənilmədən tarixi maksimuma yüksəlib.

Fhnews.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bülletenində deyilir.

ÜST-ün məlumatına görə, 80-dən çox ölkədə və ərazidə danq xəstəliyinə yoluxma qeydə alınıb, bu halların təxminən 80 faizi və ya 4,1 milyonu Amerika bölgəsinin payına düşür.

ÜST dünyada danqın daha geniş yayılması riskinin yüksək olduğunu hesab edir. 2000-2019-cu illərdə bu xəstəliyə yoluxma 10 dəfədən çox artaraq, 0,5 milyon hadisədən 5,2 milyona çatıb. 2020-2022-ci illərdə COVID-19 pandemiyası ilə mübarizə tədbirləri də daxil olmaqla, danqa yoluxma hallarında bir qədər azalma müşahidə edilib. Lakin 2023-cü ildə bu xəstəliyə yoluxma halları kəskin şəkildə artmağa başlayıb.

ÜST-ün Avropa bölgəsində ötən yaxın müddət ərzində danqa yoluxma halları bu xəstəliyin yayıldığı bölgələrə səyahətlərlə əlaqədar olub. Lakin 2010-cu ildən bəri danqın avtoxton ocaqlarının meydana gəlməsi ilə bağlı məlumatlar yayılıb. ÜST-ün 2023-cü il dekabrın 5-nə olan məlumatına əsasən, İtaliyada 82, Fransada 43 və İspaniyada 3 xəstənin olduğu məlumdur. Bir nəfər isə həyatını itirib (İspaniya). Təşkilat bu rəqəmlərin, çox güman ki, həqiqi yoluxma halları ilə müqayisədə daha aşağı olduğunu vurğulayır, çünki əksər ilkin infeksiyalar simptomsuz olaraq inkişaf edir və bir çox ölkədə danq xəstəliyi ilə bağlı hesabatlılıq məcburi deyil. Avropada bu xəstəliyin virusunun əsas daşıyıcısı olan “Aedes albopictus” ağcaqanadı bir sıra Cənubi Avropa ölkələrində yayılıb. Son on ildə bu ağcaqanadlar daha şimalda və qərbdə yerləşən ərazilərdə aşkar edilib, üstəlik, onlar qış yuxusuna gedə bilirlər. 2023-cü ildə bu ağcaqanad növü Avropa bölgəsində yerləşən 13 ölkədə aşkar edilib, 2013-cü ildə isə o, yalnız səkkiz ölkədə qeydə alınmışdı.

Danq - tropik və subtropik bölgələrdə daha geniş yayılmış virus infeksiyasıdır. Simptomları yüksək hərarət, ürək bulanması, səpmə, baş və bel ağrısıdır. Qızdırmanın hemorragik variantı qan damarlarının kollapsı nəticəsində yaranan güclü daxili qanaxma ilə müşayiət olunur.

Etiketlər:
Paylaş: