22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Ümummilli Lider Heydər Əliyev biomüxtəlifliyin və təbiət aləminin qorunmasını daim diqqət mərkəzində saxlayıb

24-05-2024
IMG

Sovet hakimiyyəti illərində görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə yeni təbiət qoruqları və yasaqlıqları salınıb, bu istiqamətdə ümumilikdə 8 qanun və 30-dan çox qərar qəbul edilib.

Bu sözləri AR ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycan Milli Elmlər Akademiyasının, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı deyib.

Muxtar Babayev konfrans iştirakçılarını Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından salamlayıb, tədbirin təşkilində göstərilən dəstəyə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. Nazir Muxtar Babayev çıxışında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərini 23 may peşə bayramları münasibətilə təbrik edib. Qeyd edib ki, ətraf mühitin həyatımızdakı rolunu görən və ekoloji problemlərin həllinə böyük önəm verən Ulu Öndər Heydər Əliyevin 2001-ci il 23 may tarixli Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Diqqətə çatdırıb ki, dövlət başçısının 2007-ci il 16 may tarixli Sərəncamı ilə hər il may ayının 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Ümummilli Liderin zəngin fəaliyyəti dövründə bütün sahələrdə olduğu kimi, ekoloji məsələlərə, ətraf mühitin sağlamlaşdırılması işinə də xüsusi diqqət yetirdiyini deyən Muxtar Babayev Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi birinci dövrdə Abşeron yarımadasının yaşıllaşdırıldığını, nəticədə adambaşına düşən yaşıllıq payının 5 dəfə artdığını vurğulayıb.

“Müstəqillik illərində isə yeni ekoloji siyasət formalaşdırılıb, biomüxtəlifliyin, təbiət aləminin qorunması diqqət mərkəzində saxlanılıb. “Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişafa dair” Milli Proqram təsdiq edilib, milli parklar yaradılıb, Abşeron yarımadasının su təchizatı istiqamətində müxtəlif tədbirlər həyata keçirilib, dağ-mədən sənayesi inkişaf etdirilib”, - deyə nazir Muxtar Babayev diqqətə çatdırıb.

Ulu Öndərin əsasını qoyduğu ekologiya siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən Muxtar Babayev ölkə başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ekoloji məsələlərə də xüsusi diqqət yetirildiyini, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da bunun nəzərə alındığını bildirib.

Ümummilli Liderin həyata keçirdiyi yaşıllaşdırma işlərinin bu gün də davam etdirildiyini qeyd edən Muxtar Babayev son 5 il ərzində 10 milyondan çox ağacın əkildiyini söyləyib. Həmçinin “Heydər Əliyev İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, AMEA-nın və Elm və Təhsil Nazirliyinin birgə əməyi nəticəsində Ulu Öndərin 100 illiyinə töhfə olaraq Azərbaycan Respublikası “Qırmızı kitab”ının 3-cü cildinin nəşr olunduğunu diqqətə çatdırıb.

O, çıxışının yekununda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçiriləcək olmasının Azərbaycanda biomüxtəlifliyin qorunması, ətraf mühitin sağlamlaşdırılması istiqamətində atılmış addımların əməli nəticəsi olduğunu deyib.

Daha sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə xatirə hədiyyəsini təqdim edib.

Paylaş: