22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Ümumdünya Meteorologiya Təşkilatı 5 illik iqlim proqnozu hesabatını açıqlayıb

06-06-2024
IMG

Ümumdünya Meteorologiya Təşkilatının təhlillərinə görə, növbəti 5 ildə illik orta qlobal temperaturun müvəqqəti olaraq sənayedən əvvəlki orta səviyyədən 1,5 dərəcə Selsi yuxarı qalxması ehtimalı 80 faizdir.

Ümumdünya Meteorologiya Təşkilatı  Baş katibinin müavini Ko Barret BMT-nin Cenevrə ofisində keçirilən mətbuat konfransında  Təşkilatın növbəti 5 il üçün iqlim proqnozlarına dair hesabatını açıqlayıb.

Hesabatda uzunmüddətli temperatur artımlarının onilliklər ərzində baş verəcəyinə işarə edən Paris İqlim Sazişində müəyyən edilən iqlim dəyişikliyi ssenarisinin tədricən yaxınlaşdığı barədə xəbərdarlıq edilib.Hesabatda qeyd olunub ki, 2024-2028-ci illər arasında hər il üçün səthə yaxın qlobal orta temperaturun sənayedən əvvəlki baza səviyyəsindən 1,1-1,9 dərəcə yüksək olacağı proqnozlaşdırılır.

Yaxın 5 ildə yeni temperatur rekordu qırma ehtimalı isə 86 faizdir.

Hesabatda xatırladılıb ki, Paris İqlim Sazişi çərçivəsində ölkələr uzunmüddətli qlobal orta səth temperaturunu sənayedən əvvəlki səviyyədən 2 dərəcə aşağı saxlamaq və bu əsrin sonuna qədər onu 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üçün səyləri davam etdirmək barədə razılığa gəliblər. Hesabatda həmçinin bildirilib ki, alimlər dəfələrlə 1,5 dərəcədən yuxarı istiləşmənin iqlim dəyişikliyinə və ekstremal hava şəraitinə daha ciddi təsirlər yarada biləcəyi barədə xəbərdarlıq ediblər.

Hesabatda dağıdıcı iqlim təsirlərinin qlobal istiləşmənin indiki səviyyələrində belə müşahidə edildiyi vurğulanır və bunlara daha çox ekstremal istilik dalğaları, həddindən artıq yağıntılar, quraqlıq, buz təbəqələrinin və buzlaqların azalması, dəniz səviyyəsinin qalxması və okeanların sürətlə istiləşməsi olduğu göstərilir.

Paylaş: